Elm-Tədris Mərkəzinin dəstəyi ilə Baş Prokurorluqda mediatorlar üçün seminar təşkil olunub

2024-cü ilin yanvarın 17-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə 66 mediator üçün “Əsas insan hüquq və azadlıqların qorunmasında prokurorluq orqanlarının rolu” mövzusunda maarifləndirici seminar keçirilmişdir. 
Seminar iştirakçılarını salamlayan Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Baş Prokurorluğun Cinayət tərkibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Baş Prokurorluq və Mediasiya Şurası arasında əməkdaşlıq barədə məlumat vermişlər, mediatorların peşə hazırlığının artırılması məqsədilə nəzərdə tutulan tədbirlər barədə danışıqlar aparmışlar.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərlinin moderatorluğu ilə davam edən tədbirdə Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev və böyük prokuroru Nigar Əskərova, Baş Prokurorluğun Cinayət tərkibindən kənar icraatlar idarəsinin böyük prokurorları Namiq Əliyev və Zamir Paşayev çıxışlar etmişlər, mühazirələr oxumuşlar.
Mediasiya haqqında qanunvericiliyin pozulması, İXM və CM normalarının tətbiqi; ağır və xüsusilə ağır cinayət hadisələri barədə məlumat vermə mexanizmi; yetkinlik yaşına çatmayanlar və qadınların hüquqlarının müdafiə edilməsi; məişət zorakılığı hallarının aşkar edilməsi; cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə; korrupsiya və vəzifə cinayətləri; mediasiya haqqında qanunvericiliyin inkişaf perspektivi, eləcə də digər mövzular müzakirə obyekti olmuşdur.

Seminar prosesində dinləyicilər tədris edilmiş məsələlərə böyük maraq göstərmişlər, maarifləndirici tədbirdə aktiv iştirak etmişlər. Seminarın iştirakçılarına sonda müvafiq sertifikatlar təqdim edilmişdir.