Baş Prokurorluğun Elm-Tədris Mərkəzində təşkil edilmiş növbəti icbari təlim müvəffəqiyyətlə başa çatmışdır

Azərbaycan Respublikası prokurorluq orqanlarına 2023-cü ildə ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində icbari təlim təşkil edilmişdir.
2023-cü ilin dekabr ayının 11-dən 2024-cü ilin yanvar ayının 9-dək davam edən həmin tədbirdə müsabiqədən müvəffəqiyyətlə keçmiş 52 namizəd iştirak edərək prokurorluğun fəaliyyət istiqamətləri üzrə vacib olan təcrübə biliklərinə sahib olmuşlar, prokurorluqda tətbiq edilən informasiya sistemləri ilə işləmək bacarığını əldə etmişlər.
İlkin peşə vərdişlərini formalaşdıran təlimin 132 saatdan ibarət Tədris proqramı cinayət hüququnu, cinayət prosesini, kriminologiyanı, inzibati və presedent hüquqları, kriminalistikanı, eləcə də prokurorluq orqanlarında işin təşkili qaydalarını və prokuror nəzarətinin təşkili məsələlərini əhatə etmişdir.
Mühazirə, təqdimat, praktiki məşğələ, tanışlıq, dəyirmi masa və sair formatda keçirilən tədris məşğələləri zamanı müasir təlim metodlarından və informasiya texnologiyalarından geniş istifadə olunmuşdur. Tədris gedişatında aktiv və interaktiv təlim modellərinə üstünlük verilmişdir.
Tədbirə təlimçi qismində prokurorluğun təcrübəli əməkdaşları ilə yanaşı, Konstitusiya Məhkəməsinin hakimi, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin zəngin təcrübəyə malik mütəxəssisləri cəlb edilmişlər.
Tədris tədbirləri Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin auditoriyalarında, prokurorluq orqanlarının müxtəlif inzibati binalarında, habelə digər məkanlarda həyata keçirilmişdir.
Praktiki biliklərin əhəmiyyəti nəzərə alınaraq, dinləyicilər icbari təlim zamanı Bakı şəhərinin tabe rayon prokurorluqlarında keçirilən istintaq hərəkətlərini real şəraitdə müşahidə etmişlər, Bakı İstintaq Təcridxanasının və Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.
Keçirilən təlim çərçivəsində namizədlər üçün mədəni-maarifləndirici tədbirlər nəzərdə tutularaq, milli-mənəvi dəyərlərimizi, xalqımızın Ümummilli Liderinin ictimai-siyasi fəaliyyətini təbliğ edən Heydər Əliyev Mərkəzi ilə, habelə Baş Prokurorluğun Tarix muzeyi, Tarixi-memorial qalereyası, atıcılıq tirinin fəaliyyəti və kitabxanaları ilə tanış olmuşlar.

İcbari təlim prosesində dinləyicilər tədris edilmiş mövzulara böyük maraq göstərmişlər, tədris tədbirlərində aktiv iştirak etmişlər. İcbari təlimi müvəffəqiyyətlə başa çatdırmış namizədlərə müvafiq şəhadətnamələr təqdim edilmişdir.