Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilində yaranan problemlərin həlli yollarına aydınlıq gətirilib.

İnsanların müraciətlərinə qayğı ilə yanaşma, qəbul zamanı vətəndaşlara insanpərvərlik göstərmə, müraciətlər üzrə dolğun və obyektiv araşdırma aparma, məsələ üzrə qanuni və ədalətli qərar qəbul etmə hər zaman prokurorluq orqanları üçün ən vacib şərt hesab olunub.
Bu sahədə peşə hazırlığının daha da artırılması, eləcə də təcrübədə rast gəlinən problemlərin qarşısının alınması məqsədilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 2023-cü ilin 27 və 28 noyabr tarixlərində “Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilinin aktual problemləri” mövzusunda distant formada onlayn rejimdə təlim keçirilmişdir.
Prokurorluq orqanlarının 135 əməkdaşının dinləyici qismində iştirak etdiyi bu təlimə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, eləcə də Səhiyyə Nazirliyinin müvafiq sahədə təcrübəli işçiləri təlimçi qismində cəlb edilmişlər. Təlimçilər sırasında həmçinin Mərkəzin əməkdaşları İradə Xəlilova, Nigar Qələndərli, Çingiz Əli-zadə, Nigar Əskərova, Məhərrəm Əzizbəyov və İlkanə Qasımova olmuşlar.
Həyata keçirilmiş bu tədbir çərçivəsində milli qanunvericilikdə vətəndaşların müraciətlərinə baxılmasının hüquqi əsasları, prokurorluqda müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili, xüsusi riskli vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri, qəbul zamanı yaranan riskli hadisələr üzrə dövlət qulluqçusunun hərəkətləri, intihar meyilli davranışın qarşısının alınması və etik davranış qaydalarına riayət olunması, habelə digər müvafiq mövzular üzrə tədris aparılmışdır.

İnteraktiv formada həyata keçirilmiş təlimin obyekti olmuş bu mövzular dinləyicilər tərəfindən çox maraqla qarşılanmış, bu sahədə peşə hazırlıqlarının artırılmasına öz tövhələrini vermişlər.