Prokurorluq və polis əməkdaşları “Məhkəmə ekspertizası fəaliyyətinin nəzəri və təcrübi əsasları” mövzusunda təlimə cəlb edilib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 2023-cü ilin 01 – 03 noyabr tarixlərində prokurorluq və daxili işlər orqanlarında müstəntiq vəzifəsində çalışan işçiləri üçün “Məhkəmə ekspertizası fəaliyyətinin nəzəri və təcrübi əsasları” mövzusunda distant formada, onlayn rejimdə təlim təşkil edilmişdir.
Tədbirin ərsəyə gəlməsində Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun rəhbərliyi ilə Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərlinin, böyük prokuroru Çingiz Əli-zadənin, baş məsləhətçi Rafiq Quliyevin, eləcə də İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun müdiri Oqtay Mirzəyevin iştirakı olmuşdur.
Tədbirə təlimçi qismində prokurorluq işçiləri ilə yanaşı, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının bu sahədə nəzəri və praktiki təcrübəyə malik mütəxəssisləri cəlb edilmiş, təlimdə prokurorluq və daxili işlər orqanlarında çalışan ümumilikdə 63 əməkdaş dinləyici qismində iştirak etmişlər.
Təlimi giriş sözü ilə açan Çingiz Əli-zadə tədbirin məqsədi və vəzifələri barədə dinləyicilərə ətraflı məlumat vermişdir. Mühazirə, təqdimat, təcrübə mübadiləsi və sair formada həyata keçirilmiş təlim çərçivəsində dinləyicilərə ekspertiza təyin edərkən onun növünün və ixtisasının düzgün seçilməsi, müvafiq ekspertiza növünə və ixtisasına uyğun sualların qoyulması, ekspertizanın aparılması üçün eksperimental və sərbəst nümunələrin götürülməsi və qablaşdırılması qaydaları tədris edilmişdir.
Təlim zamanı həmçinin ayrı-ayrı ekspertizaların, o cümlədən məhkəmə kompüter-texniki, məhkəmə mühəndis-texniki, məhkəmə-trasoloji, məhkəmə partlayış-texniki, materialların, yol-nəqliyyat hadisələrinin və audio və videoyazıların məhkəmə ekspertizasının müasir imkanları, təşkili və keçirilməsi ilə bağlı praktiki əhəmiyyət kəsb edən mövzular üzrə müzakirələr aparılmışdır.

Dinləyicilər tədris edilmiş mövzulara maraq göstərmiş, onları maraqlandırılan suallar ətraflı cavablandırılmışdır.