Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumların əməkdaşları üçün növbəti tədris tədbiri keçirilib.

Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilən tədbirlərdən ibarətdir. Bu tədbirlərin qanunauyğun tətbiqi cinayətkarlıqla mübarizə üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində vaxtaşırı əməliyyat-axtarış fəaliyyətinin səmərəliyinin artırılması məqsədilə tədris tədbirləri keçirilir.
Növbəti tədris tədbiri Azərbaycan Respublikası Baş prokurorunun 21.09.2023-cü il tarixli 09/34 nömrəli Sərəncamına əsasən təşkil edilmişdir. Belə ki, 2023-cü ilin 27 – 29 sentyabr tarixlərində Mərkəzdə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən daxili işlər, vergi, gömrük, sərhəd orqanlarının və digər qurumların 39 əməkdaşı üçün “Əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanunvericiliyə, insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməsi” mövzusunda kurs keçirilmişdir.
Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərlinin rəhbərliyi ilə təşkil edilmiş kursun moderatorluğu həmin şöbənin böyük prokuroru Çingiz Əli-zadə tərəfindən həyata keçirmişdir.  
Tədris tədbirinə təlimçi qismində Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin müvafiq sahədə nəzəri və praktiki biliklərə malik təcrübəli işçiləri cəlb edilmişlər. Eyni zamanda kursda Mərkəzin rəis müavini Talıb Cəfərov tərəfindən “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsi üzrə əməliyyat-axtarış fəaliyyəti gedişində əldə edilmiş dəlillərdən sübut kimi istifadə etmənin mümkünlüyü meyarları” mövzusu üzrə təqdimatla çıxış edilmişdir.
Mühazirə, təqdimat, təcrübə mübadiləsi və sair formada həyata keçirilmiş bu kurs çərçivəsində əməliyyat-axtarış fəaliyyətinin ümumi məsələləri ilə yanaşı, bu fəaliyyətin informasiya təminatı, kriminalistik və əməliyyat uçotları, eləcə də kibercinayətlər və digər aktual cinayətlər üzrə bu tədbirlərin taktiki xüsusiyyətləri kimi praktiki əhəmiyyət kəsb edən mövzular tədris edilmişdir.
Kurs zamanı dinləyicilər tədris edilmiş mövzulara maraq göstərmişlər, təlimçilərlə münasibətdə aktiv olmuşlar, onları maraqlandırılan suallar ətraflı cavablandırılmış, təlim nəticəsində əldə etdikləri biliklərdən razı qaldıqlarını ifadə etmişlər.