Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə ilə bağlı növbəti təlim keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023 – 2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar cari ilin sentyabr ayının 20 və 21-də Azərbaycan Respublikası CM-in 193-1-ci maddəsi üzrə ibtidai araşdırma səlahiyyəti olan qurumların əməkdaşları üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməli üzrə istintaq: sübutetmənin xüsusiyyətləri” mövzusunda qarışıq (offline və online) formatda təlim keçirilib.
Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyevin rəhbərliyi ilə təşkil edilən bu təlimin hazırlıq çərçivəsində şöbə prokuroru Ruslan Ağayev tədbir iştirakçılarının, tədris ediləcək mövzuların və tədris aparacaq şəxslərin müəyyən edilməsini, habelə təlimin tədris proqramının ərsəyə gəlməsini koordinasiya etmişdir.
Tədbirin əvvəlində erməni separatçıları tərəfindən törədilən terror aktları nəticəsində həlak olmuş şəxslərin xatirəsi hörmət və ehtiramla bir dəqiqəlik sükutla ifadə edilmişdir.
Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında xalqın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərini yada salmış, Milli Fəaliyyət Planı ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsinə, bu sahədə müxtəlif iştirakçılar arasında əməkdaşlıq imkanlarının artırılmasına istiqamətlənən tədbirlərin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinə əlverişli şərait yaratdığını bildirmişdir.
Təlimdə 45 nəfər dinləyici, o cümlədən birinci və apelyasiya məhkəmələrini təmsil edən hakimlər, prokurorluq, daxili işlər və vergi orqanlarının müstəntiqləri iştirak etmişlər. Tədris prosesinə Baş Prokurorluğun işçiləri ilə yanaşı, Maliyyə Monitorinqi Xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təcrübəli əməkdaşları təlimçi qismində cəlb olunmuşlar. 
Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərovanın moderatorluğu ilə keçirilmiş təlim çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində dövlət proqramları, ölkəmizin qoşulduğu beynəlxalq təşəbbüslər və bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə dinləyicilərə geniş məlumat verilib. 
Həmçinin, təlim zamanı Cinayət Məcəlləsinin 193-1 maddəsi ilə nəzərdə tutulmuş əməlin tövsifi aspektləri, bu cür əməllərin istintaqda sübutetmə xüsusiyyətləri, maliyyə istintaqının və predikativ cinayətlər üzrə paralel maliyyə araşdırmasının aparılması qaydası, vergi cinayətlərinin ibtidai araşdırılması çərçivəsində bu cür əməllərin aşkarlanması və digər aktual mövzular üzrə tədris keçirilib.
Tədbirin sonunda Talıb Cəfərovun və Əmir Ocaqverdiyevin iştirakı ilə tədris edilmiş mövzular ətrafında müzakirələr aparılmış, iştirakçılar təlimdən, eləcə də əldə etdikləri bilik və bacarıqdan razı qaldıqlarını ifadə etmişlər.