Baş Prokurorluqda təşkil edilmiş “Dövlət qulluğunda etik dəyərlər və qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda təlimlər uğurla başa çatdırılıb

Baş Prokurorluqda dövlət qulluğunda etik dəyərlərə və qanunvericiliyin tətbiqi məsələlərinə böyük önəm verilir, bu sahədə silsilə tədris və maarifləndirici tədbirlər həyata keçirilir.
Növbəti tədbir 2023-cü ilin iyul ayının 9-u baş tutub. Belə ki, Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına uyğun olaraq Baş Prokurorluğun Kadrlar idarəsinin və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilər üçün “Dövlət qulluğunda etik dəyərlər və qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib.
Təlim üzrə tədris tədbirləri Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda işləyən əməkdaşlar üçün Baş Prokurorluğun inzibati binalar kompleksində, digər ərazilərdə fəaliyyət göstərən işçilər üçün isə internet üzərindən “Zoom” proqramı vasitəsi ilə həyata keçirilib.
Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov tədbirin açılışı edərək, təlimin məqsədi və vəzifələri barədə iştirakçılara geniş məlumat verib, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov isə “Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda çıxış edib.
Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərlinin “Ümummilli lider Heydər Əliyev – müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda çıxışı ilə davam etmiş təlim çərçivəsində dinləyicilərə Kadrlar idarəsinin prokuroru Elmir Paşazadə işçilər arasında qarşılıqlı münasibətlər sistemi barədə ətraflı məlumat verib, Mərkəzin baş məsləhətçisi İlkanə Qasımova tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi xüsusiyyətləri tədris olunub və digər əlaqəli mövzular ətrafında müzakirələr aparılıb.

144 nəfər dinləyicisi olan bu təlim üzrə tədris tədbirləri müasir informasiya-kommunikasiya texnologiyalardan, eləcə də təhlil-tədqiqat materiallarından, beynəlxalq təcrübədə olan misallardan geniş istifadə etməklə həyata keçirildiyindən dinləyicilər tədris olunan materiallara maraq, təlimçilərlə ünsiyyətdə isə aktivlik göstəriblər.