“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməli üzrə istintaqın xüsusiyyətləri” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023 – 2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin may ayının 30 və 31-də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməli üzrə istintaqın xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Tədbirin məqsədi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması sahəsində ixtisaslaşmış müstəntiqlərin potensialının gücləndirilməsi, qabaqcıl istintaq təcrübəsi ilə tanışlıq, bu sahədə qurumlararası fəaliyyətin effektiv əlaqələndirilməsi, həmin növ cinayətlərin tövsifi ilə bağlı ortaya çıxan məsələlərin və  onların təcrübədə həlli yollarının izahı olub. Odur ki, təlimdə Cinayət Məcəlləsinin 193-1 maddəsi ilə cinayət işləri üzrə ibtidai araşdırma aparan prokurorluğun, daxili işlər və vergi orqanlarının ümumilikdə 35 əməkdaşı iştirak edib.
Tədris prosesinə Baş Prokurorluğun işçiləri ilə yanaşı, Maliyyə Monitorinqi Xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təcrübəli əməkdaşları təlimçi qismində cəlb olunub. Təlim çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində həyata keçirilmiş dövlət proqramları, ölkəmizin qoşulduğu beynəlxalq təşəbbüslər və bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə dinləyicilərə geniş məlumat verilib. Həmçinin təlim zamanı Cinayət Məcəlləsinin 193-1 maddəsi ilə nəzərdə tutulmuş əməlin tövsifi aspektləri, bu cür əməllərin istintaqı xüsusiyyətləri, maliyyə istintaqının və predikativ cinayətlər üzrə paralel maliyyə araşdırmasının aparılması qaydası, vergi cinayətlərinin ibtidai araşdırılması çərçivəsində bu cür əməllərin aşkarlanması və digər aktual mövzular üzrə tədris keçirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb, onlara müvafiq sertifikatlar təqdim olunub və Baş Prokurorluğun inzibati binalar kompleksinin qarşısında xatirə fotoşəkili çəkilib.