Prokurorluq orqanlarında qulluğa qəbul olunmuş və stajorluq keçən işçilərin peşə vərdişlərinin formalaşması diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sərəncamına əsasən 2023-cü ildə prokurorluq orqanlarına qulluğa qəbul olunmuş və stajorluq keçən 53 işçi üçün hazırlıq kursu üzrə tədris tədbirləri qarışıq formada, o cümlədən cari ilin aprel ayının 26-dan may ayının 12-dək internet üzərindən onlayn rejimində, may ayının 15-dən 17-dək isə əyani formada Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilmişdir.
Kursa təlimçi qismində prokurorluğun təcrübəli işçiləri ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin, Konstitusiya Məhkəməsinin, “Konstitusiya” Araşdırmalar Fondunun, “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin məsul nümayəndələri, eləcə də səhiyyə və ədliyyə orqanlarının ekspertiza mərkəzlərinin peşəkar əməkdaşları cəlb olunaraq, tədbirin ərsəyə gəlməsində müxtəlif formada 110 nəfərdən artıq şəxs iştirak etmişdir.
“Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi”, “Heydər Əliyev və milli dəyərlər” mövzuları ilə başlanan hazırlıq kursunun tədris proqramında praktiki əhəmiyyət kəsb edən, öyrənilməsi dövlət proqramlarında nəzərdə tutulan, eləcə də praktiki fəaliyyətdə əhəmiyyətli, habelə mürəkkəb xarakter daşıyan mövzulara üstünlük verilib. Dinləyicilərdə peşə vərdişlərinin formalaşmasına töhfə verəcək bu məşğələlər müasir informasiya-kommunikasiya texnologiyalardan, eləcə də təhlil-tədqiqat materiallarından geniş istifadə etməklə tədris edilib. Bu səbəbdən dinləyicilər tədris olunan materiallara maraq, təlimçilərlə ünsiyyətdə isə aktivlik göstərib, təcrübədə istifadə olunması üçün əksər məşğələlərin elektron mətni onlara təqdim edilib.
Kurs dövründə dinləyicilər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə yaxından tanış olmuş, onlar üçün kriminalistika sahəsində müxtəlif formalı praktiki məşğələlər keçirilmişdir.
Mədəni tədbirlər çərçivəsində gənc prokurorluq işçiləri milli-mənəvi dəyərlərimizi, Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərini, onun ictimai-siyasi fəaliyyətini təbliğ edən, bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Həmçinin kurs çərçivəsində dinləyicilərin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil edilmişdir.