Prokurorluq işçiləri üçün “Maliyyə istintaqının taktikası və metodikası” mövzusu üzrə təlim keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin birgə təşkilatçılığı ilə cari ilin aprel ayının 13-ü və 14-ü prokurorluq işçiləri üçün “Maliyyə istintaqının taktikası və metodikası” mövzusunda hibrid formatda təlim keçirilib.
Belə ki, təlim üzrə tədris tədbirləri Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda qulluq keçən işçilər üçün Elm-Tədris Mərkəzinin inzibati binasında, digər ərazilərdə qulluq keçən işçilər üçün isə internet üzərindən onlayn rejimdə həyata keçirilib.
Tədbirdə təlimçi qismində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları, habelə “Avropa Qonşuluq Aləti” çərçivəsində həyata keçirilən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Twinning” layihəsinin daimi məsləhətçisi iştirak edərək, maliyyə istintaqının taktikası və metodikasının əsasları sahəsində yerli və beynəlxalq təcrübəni dinləyicilərin diqqətinə çatdırılıb.
Ümumilikdə 88 prokuroruq əməkdaşının dinləyici qismində iştirak etdiyi bu təlim zamanı Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev “Açıq mənbəli kəşfiyyat üsulları (OSINT)” mövzusunda, şöbənin böyük prokuroru Nigar Əskərova “Maliyyə istintaqı sahəsində xarici ölkələrin təcrübəsi” mövzusunda təqdimatlarla çıxış ediblər.
Həmçinin tədbir çərçivəsində “Paralel maliyyə istintaqı”, “Maliyyə istintaqının taktikası və metodikası”, “Xarici ölkələrin təcrübəsi və ölkədaxili qarşılıqlı əməkdaşlıq”, “Maliyyə istintaqı sahəsində Litva Respublikasının təcrübəsi”, “Maliyyə təhlilinin aparılması qaydaları və məqsədləri: taktiki əsaslar və şərtlər” kimi yeni və aktual mövzular tədris edilib.