Baş Prokurorluqda “Etik davranış qaydalarının tətbiqi əsasları və xüsusiyyətləri” mövzusunda təlimlərinin keçirilməsi davam etdirilib

Prokurorluq orqanlarında hər zaman xidməti və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına, sosial şəbəkələrdən istifadə zamanı peşəkar davranışın riayət olunmasına böyük önəm verilir.
Bu səbəbdən 2023-cü ilin mart və aprel aylarında prokurorluq işçiləri üçün  “Etik davranış qaydalarının tətbiqi əsasları və xüsusiyyətləri” mövzusu üzrə treninqlərin keçirilməsi davam etdirilmişdir.
Müasir informasiya texnologiyaları tətbiq edilməklə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən təşkil edilmiş bu treninqlər üzrə tədris tədbirləri iş yerindən ayrılmadan onlayn rejimdə həyata keçirilmiş, təlimçi qismində tədbirə Elm-Tədris Mərkəzin, Mətbuat xidmətin, eləcə də Respublika Hərbi Prokurorluğunun təcrübəli işçiləri cəlb edilmiş, mart və aprel treninqlərində 443 prokurorluq işçisi iştirak etmişdir.
Treninq zamanı Ulu öndər Heydər Əliyevin ölkəmizdə etik davranış qaydalarının formalaşmasında əvəzolunmaz rolu barədə mühazirə oxunulmuş, milli qanunvericilikdə etik davranış qaydalarına olan tələblər müzakirə edilmiş, yeni Etik Davranış Kodeksinin müddəaları şərh edilmiş, prokurorluq işçisinin sosial media sahəsində etik davranış xüsusiyyətləri diqqətə çatdırılmış, etik davranış qaydaları üzrə beynəlxalq norma və tələblər tədris edilib.

Məşğələlər zamanı treninqlərdə fəal iştirak etmiş dinləyicilər tədris olunan materiallara böyük maraq göstərmişlər və müzakirələr zamanı əldə etdikləri biliklərdən razı qaldıqlarını vurğulamışlar.