Azərbaycan Respublikası prokurorluq orqanlarına 2021-ci ildə ilk dəfə qulluğa qəbul edilən namizədlər üçün icbari təlim

2021-ci ildə Azərbaycan Respublikası prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən 100 nəfər namizədin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimin distant formasında təşkilinə dair Akademiyadan Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə (bundan sonra – Mərkəz) 16.04.2021-ci il tarixli 15/18-242 №-li müraciət daxil olmuşdur.
Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 246.1-ci bəndinin əvvəlki redaksiyasına əsasən icbari təlimin təşkili üçün Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsi təlimin tədris proqramının (mövzu və təlimçilərin seçimi) və tədris cədvəlinin hazırlanmasında iştirak etmişdir. Nəticədə təlimin tədris proqramına kriminalistika, cinayət, cinayət-prosessual, inzibati və presedent hüquqları üzrə mövzularla yanaşı, Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”ndan və prokurorluq orqanlarında tətbiq olunan informasiya kommunikasiya texnologiyalarından praktiki və metodoloji bilikləri özündə əks etdirən mövzular daxil edilmişdir. Ümumilikdə tədris proqramı 50 məşğələdən (42 mühazirə, 8 praktiki məşğələ) ibarət olmaqla, onun realizə olunmasına təlimçi, dinləyici və köməkçi qismində 150 nəfərdən artıq şəxs cəlb edilmişdir.
Təlimçilərin tədris prosesində iştiraklarının təmin olunması məqsədilə Mərkəz tərəfindən müvafiq prokurorluq qurumlarına müraciətlər göndərilərək, Mərkəzin işçiləri bu tədris tədbirində təlimçi qismində iştirak etmişlər. Ümumiyyətlə tədris proqramında nəzərdə tutulmuş 50 məşğələnin 32-i (64 %) məhz prokurorluq işçiləri tərəfindən tədris edilmişdir. Mərkəzin lisenziyalı Zoom proqramında qeydə alınmış konfrans kodundan istifadə edilərək, İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru bu tədbirin 19.04.2021-il tarixdən 01.05.2021-ci il tarixədək internet üzərindən distant formalı canlı rejimdə keçirilməsini təmin etmişdir. İcbari təlimin yekunu üzrə 03.05.2021 və 04.05.2021-ci il tarixlərdə keçirilmiş şifahi imtahanda Mərkəzin rəisi Mübariz Əhmədov iştirak etmişdir. Beləliklə, 2021-ci ildə Azərbaycan Respublikası prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən 100 nəfər namizəd üçün Ədliyyə Akademiyasında təşkil edilən icbari təlim müvəffəqiyyətlə başa çatdırılmışdır.