Baş Prokurorluğun Elm-Tədris Mərkəzində medianın və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq keçirilmişdir

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Mətbuat xidmətinin birgə təşkilatçılığı ilə cari ilin fevral ayının 22-dən 23-dək medianın və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq keçirilmişdir.
Medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və müxtəlif ictimai birliklərin 25 nümayəndəsi iştirak edən treninq üzrə maarifləndirici tədbirlər müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə edilməklə Baş Prokurorluğun inzibati binalar kompleksinin Konfrans zalında və Elm-Tədris Mərkəzinin təyinatına uyğun olan auditoriyalarında həyata keçirilmişdir.
Əvvəlcədən müəyyən edilmiş proqrama əsasən tədbirin ilk günü brifinq formatında çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev iştirakçıları maraqlandıran media və vətəndaş cəmiyyəti institutlarının prokurorluq qurumları ilə qarşılıqlı fəaliyyət sahəsində olan sualları cavablandırmışlar.
Daha sonra iştirakçılar qarşısında çıxış edən Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli müstəqil Azərbaycan mediasının inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzedilməz xidmətlərini qeyd etmiş, Real TV-nin baş direktoru Mirşahin Ağayev çıxışında Azərbaycanın informasiya sahəsində milli maraqlara, bu sahədə olan təhdidlərə toxunmuş, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “İctimai nəzarət: Vətəndaş cəmiyyəti və dövlət orqanlarının əməkdaşlığı” mövzusunda təqdimatla çıxış etmiş, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova tərəfindən “Sosial media və media savadlılığı” mövzu ilə əlaqədar dəyirmi masa təşkil edilmiş və Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə istintaq sirri təşkil edən məlumatların yayılmasının yaratdığı fəsadlar barədə mühazirə oxumuşdur.
Treninqin ikinci günündə “Lent.az” informasiya agentliyinin baş redaktoru Hafiz Heydərov “Rəsmi dövlət qurumu ilə razılaşdırmadan yayılmış məlumatların hüquqi nəticələri” mövzusunda çıxış etmiş, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluqda aşkarlıq və şəffaflığın təmin olunması ilə bağlı həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat vermiş, Elm-Tədris Mərkəzinin şöbə prokuroru Rəşad Qasımov media məkanında istifadə olunan hüquqi terminlərin anlayışlarına izah verərək, 2022-ci ildə hazırlanmış “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı kitabın yeni versiyası və “Media üçün 555 sual və cavab” adlı əyani vəsait barədə iştirakçıları məlumatlandırmışdır.
Həmçinin Baş Prokurorluğun inzibati binalar kompleksində keçirilən media tur çərçivəsində tədbir iştirakçıları Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə, müasir avadanlıqlarla zəngin olan kitabxanalarla, qabaqcıl texnikalarla təchiz olunmuş kriminalistik və istintaq otaqları ilə, eləcə də mobil kriminalistik laboratoriyalı avtomobillərlə tanış olmuşlar. Treninqin sonunda Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərovun iştirakı ilə məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin müzakirəsi aparılmış, tədbir iştirakçılarına müvafiq sertifikatlar təqdim olunmuşdur.
Tədbirin yekunu üzrə iştirakçılar treninqin təşkili səviyyəsindən və müzakirə obyekti olmuş mövzuların peşəkarcasına tədrisindən razı qaldıqlarını, habelə gələcəkdə də bu kimi maarifləndirici tədbirlərdə iştirak etmək arzusunda olduqlarını ifadə etmişlər.