Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün təşkil olunmuş icbari təlim müvəffəqiyyətlə başa çatmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən dövlət gənclər siyasətinə uyğun olaraq, şəffaf prosedurlar əsasında keçirilən müsabiqələrin nəticələrinə əsasən, prokurorluğun kadr tərkibinin yüksək nəzəri biliklərə və mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənclər hesabına komplektləşdirilməsi, eləcə də onlarda ilkin peşə vərdişlərinin formalaşdırılması üçün zəruri tədbirlər davam etdirilir.
Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin növbəti təzahürü olaraq, 2022-ci ildə prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş 57 namizədin ötən ilin dekabr ayının 15-də Baş Prokurorluğun Elm-Tədris mərkəzində əyani şəkildə icbari təliminə başlanılaraq, həmin təlim cari ilin yanvar ayının 9-da müvəffəqiyyətlə yekunlaşmışdır.
Təlimin tədris proqramı cinayət hüququ, cinayət prosesi, əməliyyat-axtarış fəaliyyəti, kriminologiya, inzibati hüquq, kriminalistika, prokuror nəzarətinin təşkili, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna aid mövzuları, habelə Baş Prokurorluqda işin təşkili məsələlərini əhatə edən 60-dan artıq mühazirə və praktiki məşğələləri özündə ehtiva etmişdir.
İcbari təlim zamanı müasir təlim model və metodlarından istifadə edilməklə yanaşı, əksər məşğələlərdə informasiya texnologiyalarının və proqramların tətbiqinə üstünlük verilmişdir. Tədris üzrə məşğələlər həm Mərkəzin auditoriyalarında, həm açıq şəraitdə (məsələn, səyyar kriminalistik avtomobillə tanışlıq), eləcə də digər qurumların (məsələn, Səhiyyə Nazirliyinin “Məhkəmə-tibb ekspertizası və patoloji-anatomiya Birliyi” publik hüquqi şəxs) inzibati binalarında keçirilmişdir.
Təlimə prokurorluq, ədliyyə (məhkəmə ekspertizaları) və səhiyyə orqanlarının təcrübəli işçiləri ilə yanaşı Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təlimçi qismində cəlb olunmuşlar. Peşə biliklərin yiyələnməsində praktiki təcrübənin əhəmiyyəti nəzərə alınaraq, təlim çərçivəsində dinləyicilər Bakı şəhərinin tabe rayon prokurorluqlarında keçirilən istintaq hərəkətlərini real şəraitdə müşahidə etmiş, Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının, eləcə də Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi”nin fəaliyyəti ilə yaxından tanış olmuşlar.
Eyni zamanda, dinləyicilər üçün Baş Prokurorluğun muzeyinə, Tarixi-memorial qalereyasına və kitabxanalarına ekskursiyalar təşkil edilmiş, onlar atıcılıq tirinin fəaliyyəti və kriminalistika sahəsində Baş Prokurorluğun maddi-texniki imkanları ilə tanış olmuşlar.
Namizədlər tədris edilmiş mövzulara, praktiki tapşırıqlara böyük maraq göstərmiş, məşğələlərdə aktiv olmuşlar.
İcbari təlimi müvəffəqiyyətlə başa çatdırmış namizədlərə müvafiq şəhadətnamələr təqdim edilmişdir.