2019-cu ildə prokurorluq orqanlarına qulluğa qəbul olunmuş və stajorluq keçən işçilər üçün hazırlıq kursu

Azərbaycan Respublikası Baş Prokurorunun 27.08.2020-ci il tarixli 09/87 №-li Sərəncamına əsasən, Azərbaycan Respublikası Prokurorluğu orqanlarına 2019-cu ildə qulluğa qəbul olunmuş və stajorluq keçən 29 nəfər işçi üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 2020-ci ilin sentyabr ayının 28-dən oktyabr ayının 28-dək Zoom proqramı vasitəsilə canlı distant formada hazırlıq kursu təşkil edilmişdir.

Hazırlıq kursun tədris proqramı cinayət, cinayət-prosessual, inzibati və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, kriminologiya və kriminalistika, Baş Prokurorluğun İşin Təşkili Qaydaları, prokurorluq orqanlarında tətbiq olunan informasiya kommunikasiya texnologiyaları üzrə praktiki və metodoloji bilikləri özündə əks etdirən mövzular üzrə 69 məşğələdən ibarət olmuşdur. Tədbirə təlimçi qismində Elm-Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Hərbi Prokurorluğun və tabe prokurorluqların işçiləri, habelə Ədliyyə və Səhiyyə nazirliklərin mütəxəssisləri cəlb edilmişlər. Ümumilikdə bu tədbirin keçirilməsinə müxtəlif formalarda prokurorluq və digər orqanların 80 nəfərdən artıq işçisi cəlb olunmuşdur.
Təlimlər müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə həyata keçirilmiş, dinləyicilərin və təlimçilərin bir qismi iş yerindən, təlimçilərin digər hissəsi isə Elm-Tədris Mərkəzində zəruri avadanlıqla təchiz edilmiş xüsusi otaqdan tədbirə qoşulmuşlar, tədris edilmiş əksər məşğələlərin elektron mətni və tezisləri dinləyicilərə təqdim edilmişdir.

Təlimlər uğurla başa çatdıqdan sonra 29.10.2020-ci il tarixdə kursda iştirak etmiş dinləyicilərinin hazırlıq kurs zamanı əldə etdikləri bilik və bacarıqlarının müsahibə yolu ilə qiymətləndirilməsi təşkil edilmişdir. Müsahibə – dinləyicilərin özlərinin seçdikləri biletdə olan üç sualın (kurs çərçivəsində tədris edilmiş mövzular üzrə) şifahı cavablandırılması, dinləyicilərin biliklərinin məqbul və qeyri-məqbul üsulla qiymətləndirilməsi qaydasında təşkil olunmuşdur.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 13.2-ci maddəsinə və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 247.4-cü bəndinə müvafiq olaraq müsahibənin göstəriciləri stajorların şəxsi işlərinə əlavə edilməsi üçün Baş Prokurorluğun Kadrlar idarəsinə göndərilmişdir.