“Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri” mövzusunda təlim

2020-ci il ərzində ibtidai istintaqı tamamlanmış bəzi cinayət işləri üzrə bəraət hökmlərinın çıxarılmasına – əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumat və materialların, eləcə də təhqiqat dövründə toplanmış araşdırma materiallarının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi, habelə şəxsi yoxlama və nəqliyyat vasitələrinin yoxlanılmasının qanunvericiliyə uyğun həyata keçirilməməsi əsas olmuşdur. Bu kimi nöqsan və pozuntulara gələcəkdə yol verilməməsi üçün göstərilən sahədə fəaliyyət göstərən əməkdaşların tədris tədbirlərinə cəlb olunmasına, onların əməliyyat-axtarış və təhqiqat sahəsində peşə biliklərinin artırılmasına zərurət yaranmışdır.
Azərbaycan Respublikası Baş prokurorunun 07.05.2021-ci il tarixli 8 №-li Sərəncamına əsasən, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Dövlət Gömrük Komitəsi Akademiyasının birgə təşkilatçılığı ilə Komitənin işçiləri üçün “Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri” mövzusunda qısamüddətli təlim təşkil edilmişdir.
Dinləyicilərin sayının 27 nəfər olduğu və pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi nəzərə alınaraq, təlimin distant formada canlı vaxt rejimində 2021-ci ilin may ayının 17-dən 22-dək keçirilməsi qərara alınmışdır.
Təlim çərçivəsində dinləyicilərə “Müasir Azərbaycan Prokurorluğu, onun sistemi, islahatlar və qarşıda duran yeni vəzifələr; Gömrük işi sahəsində prokuror nəzarətinin həyata keçirilməsi xüsusiyyətləri; Aşkar edilmiş hüquqpozma faktları üzrə foto və videoçəkilişdən istifadəyə dair qanunvericilikdən irəli gələn tələblər və videoçəkilişdən istifadə metodikası; Əməliyyat-axtarış tədbirləri və metodları, onların elmi-nəzəri,  hüquqi əsasları, praktiki məsələləri və bəzi problemləri; Əməliyyat-axtarış tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı sənədlər, onlara verilən tələblər və nəticələrinin sənədləşdirilməsi; Əməliyyat-axtarış tədbirlərinin nəticələrinin cinayət mühakimə icraatında və digər istiqamətlərdə istifadə edilməsi; Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi üzrə əməliyyat-axtarış fəaliyyəti gedişində əldə edilmiş dəlillərdən sübut kimi istifadə etmənin mümkünlüyü meyarları; Qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən yayınma əməllərinin (inzibati və ya cinayət) müəyyən edilməsi  xüsusiyyətləri; Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılığı ilə bağlı işlər üzrə əməliyyat-axtarış tədbirlərinin tətbiqi metodikası; Aşkar edilmiş hüquqpozma faktlarının araşdırılması zamanı foto və videoçəkilişin aparılma qaydası və taktikası; İbtidai araşdırma zamanı şəxslərin müdafiə hüququnun pozulması kimi qiymətləndirilən hallar; Cinayət işlərinin baxılmasına xitam verilməklə prokurora qaytarılmasına səbəb olan təhqiqat dövründə yol verilmiş kobud pozuntular; Malların və nəqliyyat vasitələrinin yoxlanılması, şəxsi yoxlama və şəxslərin sorğu-sual edilməsi gömrük nəzarəti tədbirləri zamanı yol verilən pozuntular; İcraatın aparıldığı dili (şifahi) və əlifbanı (yazılı)  bilməmə ilə bağlı tərcüməçi və mütəxəssisin iştirakının təmin edilməsi xüsusiyyətləri” və sair mövzularda mühazirələr oxunmuş və praktiki məşğələlər keçirilmişdir.
Tədbirə təlimçi qismində Elm-Tədris Mərkəzinin və Gömrük Akademiyasının işçiləri ilə yanaşı Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Kriminalistika və informasiya texnologiyaları idarəsinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin işçiləri cəlb edilmişlər. Təlimlər müasir texnika və texnologiyalardan istifadə etməklə həyata keçirilmiş, təcrübədə istifadə olunması üçün əksər məşğələlərin elektron mətni dinləyicilərə təqdim edilmişdir.