“Vergi hüquqpozmaları üzrə məhkəməyədək icraat zamanı sübutların əldə olunmasının, yoxlanılmasının və rəsmiləşdirilməsinin aktual problemləri” mövzusunda növbəti təlim

Azərbaycan Respublikası Baş prokurorunun 10.11.2021-ci il tarixli 17 №-li Sərəncamına əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçiləri üçün 2021-ci ilin noyabr ayının 15-dən 19-dək distant formada canlı vaxt rejimində “Vergi hüquqpozmaları üzrə məhkəməyədək icraat zamanı sübutların əldə olunmasının, yoxlanılmasının və rəsmiləşdirilməsinin aktual problemləri” mövzusunda növbəti təlim təşkil edilmişdir.
Tədbirə təlimçi qismində Mərkəzin işçiləri ilə yanaşı, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının, habelə Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarələrinin əməkdaşları cəlb edilmişlər. Dinləyicilərin sayı 25 nəfər olmaqla, onlar İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin, habelə Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Milli gəlirlər, Bakı şəhəri Lokal gəlirlər baş idarələrinin və Tədris Mərkəzinin işçiləri olmuşlar.
Tədbirin keçirilməsi ilə əlaqədar təlimin keçirilmə qaydası barədə dinləyicilər əvvəlcədən təlimatlandırılmış, sınaq formasında Zoom proqramından istifadə qaydası onlara izah edilmişdir. Təlimin Tədris Proqramına uyğun olaraq 16 mövzu üzrə məşğələlər keçirilmiş, tədris zamanı təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə olunmuş, eləcə də tədris edilmiş əksər məşğələlərin elektron mətni təcrübədə istifadə olunması üçün dinləyicilərə təqdim edilmişdir. Həmçinin təlim çərçivəsində vahid istintaq təcrübəsinin formalaşması məqsədilə Baş prokurorun 14.09.2020-ci il tarixli 15/3 №-li Əmri ilə prokurorluq orqanlarında tətbiq edilən prosessual sənədlərin nümunəvi formalarından istifadə olunması dinləyicilərə tövsiyə edilərək, formaların prokurorluğun rəsmi saytı vasitəsilə əldə olunma qaydası onlara izah edilmişdir.
Məşğələlər zamanı dinləyicilər tədris olunan materiallara maraq göstərmişlər, təlimçilərlə ünsiyyətdə aktiv olmuşlar, təlimin yekunu üzrə müzakirələr zamanı əldə etdikləri bilik və bacarıqlardan razı qaldıqlarını ifadə etmişlər.