Prokurorluğun fəaliyyəti ilə bağlı olan proqram və planların icrası – 2021

Baş Prokurorluğun Fəaliyyət Planının icrası
2021-ci ili əhatə edən Baş Prokurorluğun Fəaliyyət planlarında nəzərdə tutulmuş və icrasına məsul qurum kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi (bundan sonra – Mərkəz) müəyyən edilmiş bütün tədbirlər vaxtında və tam icra edilmiş, yekunlarında prokurorluğun institusional və hüquqi bazalarının təkmilləşdirilməsi üzrə konkret işlər görülmüş və təkliflər irəli sürülrmüşdür.
Belə ki, Baş Prokurorluğun 2021-ci ilin birinci yarımilinə dair Fəaliyyət planının 4-cü bəndində nəzərdə tutulmuş tədbirin icrası nəticəsində “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” adlı informasiya sistemi yaradılmış, 13-cü bəndinə əsasən tabe prokurorluqların müstəntiqləri üçün “Cinayət təqibi ilə bağlı azadlıq hüququnun məhdudlaşdırılması zamanı müasir beynəlxalq təcrübənin nəzərə alınması” adlı mövzu üzrə distant formada qısamüddətli kurslar keçirilmiş; 15-ci bəndində nəzərdə tutulmuş tədbir də Mərkəzə aid hissədə vaxtında və tam icra edilmişdir.
Baş Prokurorluğun 2021-ci ilin ikinci yarımilinə dair Fəaliyyət planının 20-ci bəndində nəzərdə tutulmuş tədbirin icrası ilə bağlı dövlət ittihamçıları üçün “Vahid məhkəmə təcrübəsi: hüquq normalarının tətbiqinə sabit yanaşmada dövlət ittihamının əhəmiyyəti” mövzusu üzrə qısamüddətli kurs təşkil edilmiş, 37-ci bəndinin icrası nəticəsində isə Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksinin təkmilləşdirilməsi üzrə bir çox təkliflər irəli sürülmüşdür.

Mərkəzin İş planının icrası
Mərkəzin 2021-ci ilin birinci və ikinci yarımilinə dair İş planlarında nəzərdə tutulmuş tədbirlər də vaxtında və tam icra edilmiş, onların praktiki nəticələri tədris prosesinə müsbət təsir göstərmiş, elmə və hüquqa əsaslanan nəşrlərin hazırlanmasına şərait yaratmışdır.
Belə ki, Mərkəzin 2021-ci ilin birinci yarımilinə dair İş planının 2-ci bəndinə əsasən dövlət ittihamçıları üçün video-konfrans formatında “Qabaqcıl beynəlxalq təcrübəyə və milli qanunvericiliyin tələblərinə uyğun olaraq ittiham nitqinin hazırlanması metodikası” adlı təqdimat keçirilmiş; 3-cü bəndinə uyğun olaraq tabe prokurorluqların müstəntiqləri üçün “Cinayət işlərinin baxılmasına xitam verilməklə prokurora qaytarılmasına səbəb olan kobud pozuntular” mövzusunda distant formada qısamüddətli kursun keçirilməsi mümkün olmuş; 4-cü bəndində nəzərdə tutulmuş tədbirin icrası ilə bağlı “Vahid məhkəmə təcrübəsinin formalaşmasında dövlət ittihamının rolu” mövzusunda tədqiqat aparılmış,5-ci bəndində nəzərdə tutulmuş tədbirin icrası prosesində Mərkəzin www.etmprok.az adlı alt-domenində yerləşən “Distant tədris” platformasının proqram təminatı təkmilləşdirilmişdir.
Mərkəzin 2021-ci ilin ikinci yarımilinə dair İş planının 2-ci bəndinin icrası nəticəsində müasir tələblərə cavab verən Baş Prokurorluğun “Elektron Kitabxana”sı yaradılmış, 3-cü  bəndinə əsasən “İttiham aktının tərtib edilməsinə dair” Metodiki tövsiyə hazırlanmış,4-cü  bəndinə uyğun olaraq Dövlət Vergi Xidmətinin əməkdaşları üçün “Vergi hüquqpozmaları üzrə məhkəməyədək icraat zamanı sübutların əldə olunmasının, yoxlanılmasının və rəsmiləşdirilməsinin aktual problemləri” mövzusunda təlim keçirilmiş, 5-ci bəndinə əsasən Etik Davranış Kodeksinin dövri ümumiləşdirilməsi ilə əlaqədar Baş Prokurorluğun aidiyyəti struktur qurumları nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Prokurorluğun fəaliyyəti ilə bağlı olan digər proqram və planların icrası
Qanunvericilikdə baş verən dəyişikliklərə əsasən, eləcə də təcrübəyə uyğunlaşdırmaq məqsədilə hər bir normativ hüquqi sənəd kimi Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” (bundan sonra – Qaydalar) da vaxtaşırı təkmilləşdirilməlidir. Bu istiqamətdə Mərkəz tərəfindən irəli sürülmüş təkliflərdən20-si Baş Prokurorluğun Kollegiyasının 08.06.2021-ci il tarixli 03 №-li qərarı ilə təmin edilmişdir.
Baş prokurorun 30.09.2020-ci il tarixli 15/7 №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun 2020 – 2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyasının icrası üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş və icraçı orqan kimi Mərkəz müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq işlərin görülməsi əvvəlcədən planlaşdırılmış, Yol xəritəsi hazırlanmış və artıq tədbirlərin bir qismi fəaliyyət və iş planları çərçivəsində, habelə digər üsullarla həll edilmişdir.
Baş prokuror tərəfindən 04.09.2021-ci ildə təsdiq edilmiş “Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 103-cü il dönümünün qeyd edilməsi ilə əlaqədar Tədbirlər planı”nın 4-cü bəndinə əsasən 15.09.2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universitetinin hüquqşünaslıq ixtisası üzrə tələbələri arasında iki mərhələdən ibarət “Hüquq viktorinası” təşkil edilmişdir. Maraqlı və rəqabət şəraitində keçən müsabiqədə BDU-in Hüquq fakültəsinin yığma komandası, komanda kapitanlarının yarışmasında isə DİA-ın Siyasi İdarəetmə fakültəsinin tələbəsi qalib gəlmişdir.
Həmçinin həmin Tədbirlər planına uyğun olaraq, 27 – 28 sentyabr 2021-ci il tarixlərdə Bakı şəhərinin Nizami və Qaradağ rayonları üzrə Qarabağ müharibələrinin şəhid və qazi ailələri ilə keçirilmiş görüşlərdə və sovqatların paylanmasında Ruslan Ağayev, Bakı şəhərinin uşaq evlərinə ziyarətdə və hədiyyələrin paylanmasında, eləcə də Bilgəh çimərliyində keçirilən təmizlik aksiyasında Nigar Qələndərli iştirak etmişlər.
Bundan başqa, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020 – 2023-cü illər üçün Milli Fəaliyyət Planı”; “2020-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr”in müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsinin qərarı; İnsan hüquqları üzrə müvəkkilindən (Ombudsman) daxil olan müraciətlər; Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyası; BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində ölkəmizə dair dövri məruzə; “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiya; İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının tövsiyələri üzrə görülmüş işlərə dair məlumat verilmişdir.