Prokurorluğun fəaliyyəti ilə bağlı olan proqram və planların icrası – 2020

Baş Prokurorluğun Fəaliyyət Planlarının icrası

Baş Prokurorluğun İş və Fəaliyyət planlarında nəzərdə tutulmuş və icrasına məsul qurum kimi Mərkəz müəyyən edilmiş bütün tədbirlər vaxtında və tam icra edilərək, prokurorluğun institusional və hüquqi bazalarının təkmilləşdirilməsi üzrə konkret təkliflər irəli sürülrmüşdür.
Baş Prokurorluğun 2020-ci ilin birinci yarımilinə dair İş planının 14-cü bəndində nəzərdə tutulmuş “2019-cu il ərzində tabe prokurorluqlara əməli köməklik göstərilməsi vəziyyətinin təhlil olunması, bu sahədə işin səmərəsinin artırılması imkanlarının müəyyənləşdirilməsi və fəaliyyətin təkmilləşdirilməsi təkliflərinin hazırlanmasını təmin etmək” adlı tədbir vaxtında və tam icra olunaraq, iş planlarının hazırlanmasında və icra olunmasında yol verilmiş pozuntu və nöqsanların aradan qaldırılması, prokurorluqlarda fəaliyyətin planlaşdırılması işinin təkmilləşdirilməsi üçün, habelə hesabatların daha mükəmməl hazırlanması üçün Mərkəz tərəfindən bir sıra təkliflər irəli sürülmüşdür.
Baş Prokurorluğun 2020-ci ilin ikinci yarımilinə dair Fəaliyyət Planının 1-ci bəndinə, habelə Mərkəzin müvafiq dövrə dair İş planının 1-ci bəndinə əsasən Mərkəz tərəfindən cari ilin birinci yarımili ərzində görülmüş işlər ümumiləşdirilərək müzakirə edilmiş, müzakirə nəticəsində perspektivdə görüləsi işlər planlaşdırılmışdır.
Baş Prokurorluğun 2020-ci ilin ikinci yarımilinə dair Fəaliyyət Planının 8-ci bəndində nəzərdə tutulmuş “Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, prokurorluq orqanlarında işə qəbulla bağlı elan edilmiş müsabiqənin yekunlaşdırılması üçün zəruri tədbirlər görülməsini, işə qəbul edilmiş gənc mütəxəssislərin müstəqil fəaliyyətə hazırlanmasını, stajorluqlarının müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməsini təmin etmək” adlı tədbir Mərkəzə aid hissədə vaxtında və tam icra edilmişdir.
Baş Prokurorluğun 2020-ci ilin ikinci yarımilinə dair Fəaliyyət Planının 15-ci bəndində “2020-ci ilin birinci yarımilində tabe prokurorluqlar tərəfindən həbs qətimkan tədbirinin tətbiqi təcrübəsinin təhlil edilməsini, onun beynəlxalq standartlara uyğunluğunun müəyyənləşdirilməsini təmin etmək” adlı tədbir nəzərdə tutulmuş, onun icrasına məsul qurum kimi Mərkəz və icra müddəti cari ilin sentyabr – dekabr ayları müəyyən edilmişdir. Bu tədbir də vaxtında və tam icra edilərək həbs qətimkan tədbirinin tətbiqi təcrübəsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində irəli sürülmüş təkliflər Azərbaycan Prokurorluğunun aidiyyəti qurumlarına təqdim edilmişdir.

Elm-Tədris Mərkəzinin İş planlarının icrası
Mərkəzin 2020-ci ilə dair İş planlarında nəzərdə tutulmuş tədbirlər də vaxtında və tam icra edilərək, tədbirin praktiki nəticələri tədris prosesində istifadə olunmaqla, elmə və hüquqa əsaslanan təkliflərin hazırlanmasına şərait yaratmışdır.
Mərkəzin 2020-ci ilin birinci yarımilinə dair İş planının 2-ci bəndində nəzərdə tutulmuş “Məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyinə görə 2019-cu il ərzində məhkəmələr tərəfindən cinayət işlərinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması təcrübəsini təhlil etmək, əldə edilmiş nəticələrdən məhkəməyədək cinayət təqibi həyata keçirilməsinin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq” adlı tədbirin icrası zamanı 114 nəzarət icraatında olan müvafiq prosessual sənədlər təhlil obyekti olmuş, təhlilin nəticələrinə arxalanan bir sıra praktiki təkliflər irəli sürülmüşdür.
Mərkəzin 2020-ci ilin birinci yarımilinə dair İş planının 3-cü bəndində nəzərdə tutulmuş “Başa çatmayan cinayət törətmiş şəxslərin məsuliyyətinin müəyyən edilməsinə dair qanun normalarının, elmi-nəzəri və metodiki biliklərin 2019-cu il ərzində tətbiqi təcrübəsini təhlil etmək, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün təklifləri hazırlamaq“ adlı tədbirin nəticəsinə dair 16 səhifəlik yekun arayış tərtib edilmiş, plan tədbirinin icrası zamanı aşkar edilmiş nöqsan və qüsurların qarşısının alınması üçün qərara alınmışdır ki, qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində təhlil materialları nəzərə alınsın.
Mərkəzin 2020-ci ilin birinci yarımilinə dair İş planının 4-cü bəndində nəzərdə tutulmuş “Qanuni qüvvəyə minmiş bəraət hökmlərində sübutların qiymətləndirilməsinə dair qanun normalarının, elmi-nəzəri və metodiki biliklərin tətbiqi təcrübəsini təhlil etmək, əldə edilmiş nəticələrdən məhkəməyədək cinayət təqibi həyata keçirilməsinin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq” adlı tədbir nəticəsinə aşkar olunanlar istintaqçılar və dövlət ittihamçıları üçün metodik ədəbiyyatın hazırlanmasında istifadə olunması qərar alınmışdır.
Mərkəzin 2020-ci ilin birinci yarımilinə dair İş planının 5-ci bəndində nəzərdə tutulmuş “Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə “Prokurorluq işçilərinin ixtisaslarının artırılması, attestasiya olunması işinin təkmilləşdirilməsi haqqında” 08/174 nömrəli, 28.12.2001-ci il tarixli əmrin tabe prokurorluqlarda tədris məşğələlərinin keçirilməsinə dair müddəalarının icra vəziyyətini təhlil etmək, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq” adlı tədbir nəticəsində də bir sıra təkliflər irəli sürülmüşdür.
Mərkəzin 2020-ci ilin ikinci yarımilinə dair İş planının 2-ci bəndində nəzərdə tutulmuş “Prokurorluq əməkdaşlarının peşəkar davranış qaydalarının nəzəri və tətbiqi əsaslarının təhlili, mövcud milli və beynəlxalq təcrübə öyrənilməklə bu sahədə işin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi” adlı tədbir üzrə tərtib edilmiş geniş arayış və müvafiq təkliflər Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə təqdim edilmişdir.
Mərkəzin 2020-ci ilin ikinci yarımilinə dair iş planının 3-cü bəndində nəzərdə tutulmuş “Dövlət ittihamçılarının nitqlərinin qabaqcıl beynəlxalq təcrübə və milli qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi və bu sahədə işin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi” adlı tədbir vaxtında və tam icra edilərək, dövlət ittihamçısının nümunəvi ittiham nitqi ilə çıxış etmə metodikası hazırlanmışdır.
Mərkəzin 2020-ci ilin ikinci yarımilinə dair iş planının 4-cü bəndində nəzərdə tutulmuş tədbir nəticəsində “Maddi sübutların götürülməsi və qablaşdırılması taktikasının və götürülmüş maddi sübutlarla bağlı ekspertiza növlərinin təyini məsələlərinə dair” müstəntiqin məlumat kitabçası hazırlanmışdır.

Prokurorluğun fəaliyyəti ilə bağlı olan digər proqram və planların icrası
14.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında keçirilmiş əməliyyat müşavirəsində 2020-ci ilin birinci yarımili ərzində Mərkəz tərəfindən görülmüş işlərin nəticələri müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyən edilmiş və Baş Prokurorluq üzrə qüvvədə olan normativ aktların əhəmiyyətli tələblərinin Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na (bundan sonra – Qaydalar) transfer edilməsi qərara alınmışdır. Baş prokurorun tapşırıqları və prokurorluğun fəaliyyəti ilə bağlı olan digər proqram və planların icrası ilə bağlı Mərkəz tərəfindən aşağıdakı işlər görülmüşdür:

  • prokurorluq orqanlarının fəaliyyətinin normativ hüquqi əsasını təşkil edən Qaydalara daxil edilməsi üçün Mərkəzin fəaliyyətinə aid olan müddəalar hazırlanmış;
  • Baş Prokurorluq üzrə qüvvədə olmuş təxminən 385 normativ xarakterli sənəd Mərkəzdə təftiş edilərək, əhəmiyyətini itirmiş aktların ləğv edilməsi, prokurorluğun fəaliyyəti üçün xidməti və icra intizamının təmin edilməsi baxımından əhəmiyyət kəsb edən aktların isə Qaydalara inteqrasiya olunması barədə təkliflər hazırlanaraq, onların realizə olunması istiqamətində müvafiq tədbirlər görülmüş;
  • Qaydalara daxil edilməsi üçün “Xüsusi məlumatların verilməsi nəzərdə tutulan hadisələrin və cinayətlərin siyahısı”nın optimallaşdırılması işinin koordinasiyasını həyata keçirmiş;
  • Mərkəzdə işin düzgün təşkili, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məqsədilə Mərkəz işçilərinin yeni Vəzifə bölgüsü təsdiq edilmiş, Mərkəzin fəaliyyətində rəqəmsal informasiya texnologiyalardan istifadənin səmərəliyinin artırılmasına dair təkliflər verilmiş;
  • hazırlanmasında iştirak edərək Baş prokurorun 30.09.2020-ci il tarixli 15/7 №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun 2020 – 2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası”nın icrası üzrə Tədbirlər Planında icraçı orqan kimi Mərkəz müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üzrə Yol xəritəsi hazırlanmış;
  • Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun və Bakı şəhər prokurorluğunun “İşin Təşkili Qaydaları”nın layihələrinin təkmilləşdirilməsi istiqamətində xeyli sayda təkliflər verilmiş;
  • Baş Prokurorluğun 2021-ci ilin birinci yarımilinə dair Fəaliyyət Planına və Baş Prokurorluğun Kollegiyasının yarımillik İş planına daxil olunacaq tədbirlər barədə, eləcə də “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020 – 2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı təkliflər verilmiş;
  • Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə təsdiq olunmuş müvafiq Milli Fəaliyyət Proqramın və Planın icrası ilə əlaqədar hazırlanmış Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planlarının,  habelə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021 – 2025-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihələrinə təkliflər irəli sürülmüş;
  • Ekstremizmə qarşı mübarizə üzrə əməkdaşlıq haqqında Konvensiya”ya qoşulması məsələsinə və “Azərbaycan Respublikasının Uşaqlara dair 2020 – 2030-cu illər üçün Strategiyası” üzrə həyata keçirilən işlərə münasibət bildirilmiş;
  • Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020 – 2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 – 2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində, habelə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycan Respublikasına münasibətdə qəbul edilən tövsiyələrin icra vəziyyəti ilə əlaqədar, eləcə də “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna əsasən görülmüş işlər barədə geniş məlumatlar hazırlanmışdır.