Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin qoşulduğu Türk Ədliyyə Təlim Şəbəkəsi təsis edilmişdir

Prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatların mühüm hissəsi kimi beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli formatlar, eləcə də regional və ixtisaslaşdırılmış beynəlxalq təsisatlar çərçivəsində yeni əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.
Bu hədəflərə uyğun olaraq tərəfdaş ölkələrin, ən əsas da tarixi bağlarımız, ortaq dinimiz və dilimizlə qardaşlıq münasibəti olan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi prioritet məsələlərdəndir.
1 noyabr 2021-ci ildə Bakı şəhərində əsası qoyulmuş Türk Dövlətləri Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının fəaliyyəti xüsusi qeyd edilməlidir.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası, Qazaxıstanın Hüquq mühafizə orqanları Akademiyası, habelə Özbəkistan Baş Prokurorluğunun Akademiyası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalanmaqla, peşə hazırlığının təşkili zamanı bu nüfuzlu tədris qurumlarının imkanlarından geniş istifadə edilir.
Qeyd olunan proseslər çərçivəsində qardaş türk dövlətlərinin hüquq mühafizə orqanları, məhkəmə akademiyaları və təlim mərkəzləri ilə mövcud əməkdaşlıq əlaqələrinin institusionallaşması ilə bağlı əməli addımlar atılmışdır.
   Belə ki, 2021-ci ilin oktyabr ayından davam edən danışıqların nəticəsi olaraq, Türkiyəli həmkarların təşəbbüsü əsasında cari ilin 10-14 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində Türk Ədliyyə Təlim Şəbəkəsinə dair anlaşma memorandumunun imzalanması və bununla əlaqəli təntənəli tədbirlər keçirilmişdir.
  Tədbirlərdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovun, Mərkəzin Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramin Camalovun və Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyevin daxil olduğu nümayəndə heyəti təmsil etmişdir.
Bu tədbirdə Baş Prokurorluğun nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan dövlətlərinin ümumilikdə 12 ədliyyə və prokurorluq təlim mərkəzləri və akademiyalarının rəhbərləri iştirak etmişlər.
  Baş Prokurorluğun da təsisçi kimi yaradılmasında iştirak etdiyi Türk Ədliyyə Təlim Şəbəkəsi orada təmsil olunan qurumların təlim-tədris bazasını daha da gücləndirəcək, əməkdaşlıq imkanlarını genişləndirəcək, hakim və prokurorların təliminə öz töhfəsini verəcəkdir.

Tədbirlər çərçivəsində Baş Prokurorluğun nümayəndələri ilə Macarıstan Ədliyyə Akademiyası Katibliyinin rəisi Viktor Gyore və Macarıstan Respublikası Baş Prokurorluğunun nümayəndəsi, idarə rəisi Barna Miskolci arasında görüş keçirilmiş və əməkdaşlıq imkanları müzakirə edilmişdir.