Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 18.05.2022-ci il tarixli iclası
Baş Prokurorluq tərəfindən tərəfdaş ölkələrin qabaqcıl təcrübəsi olan hüquq mühafizə orqanları, ölkəmizin aparıcı elm və təhsil müəssisələri, tədris və ixtisaslaşdırılmış akademiyaları ilə işgüzar əlaqələrə daim xüsusi önəm verilir.
Odur ki, 18.05.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilmişdir. İclasa fəxri qonaqlar qismində Azərbaycan Respublikasında səfərdə olan Litva Respublikasının Baş prokuroru Nida Grunskiene və Litvanın Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkus qatılmışlar. Şuranın iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, “ADA”, Milli aviasiya akademiyaları, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyaları, eləcə də İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror ölkəmizin ictimai-siyasi fəaliyyətində olan mühüm hadisələr, o cümlədən ölkə rəhbərliyinin dəstəyi ilə işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən geniş quruculuq-bərpa işləri, beynəlxalq müstəvidə əldə edilən uğurlar, eləcə də prokurorluq orqanlarının keçən dövr ərzində fəaliyyəti, o cümlədən həyata keçirilən islahatlar barədə Şura üzvlərini məlumatlandırmışdır.
Daha sonra Nida Grunskiene cinayət və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan və Litva arasında əməkdaşlıq barədə çıxış etmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, hər iki qurum arasında əməkdaşlıq əlaqələri zəngin təcrübəyə və uğurlu nəticələrə əsaslanır.
Fəxri qonaq Jidrunas Bartkus Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Litva Respublikasının həyata keçirdiyi “Azərbaycanda aktivlərin bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” Tvininq layihəsinin əsas məqsədləri barədə ətraflı çıxış etmişdir.
Bundan əlavə, Şuranın iclasında “Azərbaycan Respublikasında aktivlərin bərpası sahəsində mövcud vəziyyət” mövzusunda Baş Prokurorluğun idarə rəisi Vüqar Əliyev, “Milli antikorrupsiya fəaliyyətində beynəlxalq standartların tətbiqi vəziyyəti” mövzusunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi Natiq Eyvazov məruzə ilə çıxış etmişlər.
Eyni zamanda, Şuranın iclasında Dövlət Gömrük Komitəsi Akademiyasının baş müəllimi Şahin Hüseynov“Gömrük İşi: Terminlər, anlayışlar, elmi və qanunvericilik əsasları” adlı dərs vəsaitinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Fərid Dadaşov “İbtidai araşdırmanın yekunlarına uyğun olaraq ittiham aktının tərtib edilməsi” adlı metodiki tövsiyənin və Elmi-Məsləhət Şurasının katibi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli “Azərbaycan Respublikasının Baş prokuror yanında Elmi-Məsləhət Şurası” adlı kitabın təqdimatlarını keçirmişlər.
Daha sonra gündəlikdə duran məsələlər, o cümlədən müxtəlif hüquqi məsələləri özündə ehtiva edən mövzular üzrə Elmi-Məsləhət Şurasının üzvləri tərəfindən çıxışlar edilmiş, geniş müzakirələr aparılmışdır. Yekunda vahid istintaq və məhkəmə təcrübəsinin formalaşması ilə bağlı müxtəlif hüquqi məsələləri özündə əks etdirən mövzular üzrə Şuranın üzvləri tərəfindən ətraflı və faydalı müzakirələr aparılmış, qarşıda duran vəzifələr müəyyən edilmişdir.
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin katibi vəzifələrinin icrasını Mərkəzin böyük prokuroru Nigar Qələndərli tərəfindən təmin edilərək, 10.06.2022-ci ildə həmin qurumun konfransı keçirilmişdir.