Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş müşaviri xanım Tarika Jayaratnenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Baş Prokurorluqda olmuş, inzibati binalar kompleksində yaradılmış iş şəraiti, o cümlədən Elm-Tədris Mərkəzi və Kriminalistika laboratoriyasının fəaliyyəti ilə tanış olmuşdur.
3 iyun 2026-cı il tarixində nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olmuş, burada yaradılmış müasir tədris infrastrukturu və elmi-tədqiqat imkanları ilə tanış olmuşdur.
Akademiyada keçirilmiş görüş zamanı təhsil müəssisəsinin tələbələrinə “Rəqəmsal sübutlar və kibercinayətlər üzrə cinayət təqibi” mövzusunda mühazirə təqdim edilmiş, tələbə və professor-müəllim heyəti ilə fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli iştirak etmişdir.