Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib

Cari il iyulun 18-də Milli Mətbuat Günü münasibətilə Baş Prokurorluğun idarə və şöbə rəislərinin və digər prokurorluq əməkdaşlarının media nümayəndələri ilə görüşü keçirilib. Görüşdə Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli iştirak etmişdir.
Görüşün açılışında qonaqlar salamlanaraq, tədbirin əsas məqsədi – prokurorluq orqanları ilə media arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, prokurorluq orqanları ilə media arasında düzgün, şəffaf və davamlı informasiya mübadiləsi və gələcək hədəflərin müəyyən olunması kimi qeyd edilib.
Görüş çərçivəsində mətbuatın hüquqi maarifləndirmə, ictimai rəyin formalaşdırılması və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi baxımından cəmiyyətdəki rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilib, ümummilli lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb.
Daha sonra media nümayəndələri Baş Prokurorluğun inzibati binalar kompleksi ilə tanış olublar. Sonda xatirə fotoşəkili çəkilib.