Dövlət İdarəçilik Akademiyasında “Şəhərsalma və hüquqi tənzimləmə məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquq kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və hüquqi tənzimləmə məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev və Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli iştirak ediblər.
Tədbirin açılışında DİA-nın rektoru akademik Urxan Ələkbərov ölkədə həyata keçirilən müasir şəhərsalma siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Konfrans çərçivəsində çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev şəhərsalma sahəsində hüquqi tənzimləmənin əhəmiyyətindən, qanunvericiliyin təkmilləşdirilməsi və hüquq tətbiqi təcrübəsinin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə, həmçinin Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Milli Məclis, Vəkillər Kollegiyası, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Bakı Dövlət Universiteti və digər qurumların nümayəndələri şəhərsalma sahəsində hüquqi tənzimləmə, məhkəmə təcrübəsi və mövcud çağırışlara dair məruzələrlə çıxış ediblər.

