Prokurorluq fəaliyyətinin əsas istiqamətləri üzrə konfrans keçirilmişdir
23 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Qarabağ Universiteti arasında imzalanmış əməkdaşlıq Memorandumu çərçivəsində “Prokurorluq fəaliyyətinin əsas istiqamətləri: prosessual rəhbərlik və istintaqa nəzarətin həyata keçirilməsi” mövzusunda konfrans keçirilmişdir.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə, eləcə də 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar təşkil edilmişdir.
Konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Mərkəzin rəis müavini Səbuhi Şahverdiyev, şöbə rəisi Nigar Qələndərli və şöbə prokuroru Bəhlul Yaqubov iştirak etmişlər.
Tədbirdə prokurorluq fəaliyyətinin əsas istiqamətləri, xüsusilə cinayət təqibi üzrə prosessual rəhbərliyin həyata keçirilməsi, ibtidai istintaqa nəzarətin effektiv təşkili, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və bu sahədə mövcud praktiki məsələlər geniş şəkildə müzakirə olunmuşdur. Eyni zamanda, müasir dövrdə hüquq-mühafizə fəaliyyətinin səmərəliliyinin artırılması üçün elmi-praktiki yanaşmaların tətbiqinin vacibliyi diqqətə çatdırılmışdır.
Tədbirin sonunda Qarabağ Universitetinin tələbələri tərəfindən mövzu ilə bağlı maraqlı suallar verilmiş, həmin suallar ətraflı şəkildə cavablandırılmışdır.

