Mərkəzin əməkdaşı Hüquq və İnsan Haqları İnstitutunda Jurnallara dair 3-cü hesabatda iştirak edib

Hüquq və İnsan Haqları İnstitutu tərəfindən 2026-cı il martın 3-də hüquq sahəsində elmi məqalələr dərc edən jurnalların mövcud vəziyyətini əks etdirən üçüncü Monitorinq Hesabatı hüquq ictimaiyyətinə təqdim edilmişdir.
Hesabat ümumilikdə 764 hüquqşünas, eləcə də 19 hüquq jurnalı arasında keçirilmiş onlayn sorğunun nəticələri əsasında hazırlanmışdır.
Təqdimatda İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək monitorinq hesabatının hazırlanması məqsədilə sorğunun artıq üç ildir keçirildiyini bildirmişdir.
Sorğunun nəticələrinə əsasən, ən çox oxunan hüquq jurnalları sırasında “Polis Akademiyasının Elmi xəbərləri” (40,4%), “Azərbaycan Vəkili” (39,9%), “Azərbaycan Hüquq jurnalı” (23,6%), “Qanun” (22,4%) və “Azərbaycan prokurorluğu” jurnalının (20,7%) ilk beşlikdə yer aldığı qeyd olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin prokuroru, “Azərbaycan prokurorluğu” jurnalının məsul katibi Fərizə Mirzəyeva iştirak etmiş, jurnalın hüquq ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilərək ilk beşlikdə yer alması münasibətilə o, xüsusi olaraq təbrik olunmuş, bu nailiyyətin ölkədə hüquq elminin inkişafına verilən töhfənin göstəricisi olduğu qeyd edilmişdir.