Baş prokuror ADA Universitetində “Rəqəmsal cinayət təqibi” mövzusunda mühazirə ilə çıxış edib
2026-cı il fevralın 25-də ADA Universitetində hüquq elmi ilə texnologiyanın kəsişməsində mühüm əhəmiyyət kəsb edən “Rəqəmsal cinayət təqibi” mövzusunda mühazirə təşkil olunub.
Tədbirdə universitetin professor-müəllim heyəti, Hüquq, İctimai və beynəlxalq münasibətlər, İnformasiya texnologiyaları və mühəndislik fakültələrinin tələbələri, eləcə də Baş prokurorun rəhbər heyəti, həmçinin Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev və Mərkəzin şöbə rəisi Nigar Qələndərli iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə prokurorluq orqanları ilə akademik mühit arasında formalaşmış əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Daha sonra ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov çıxış edərək fakültənin yaradılması, inkişaf mərhələləri və tədris prosesində tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib. Bildirilib ki, 2022-ci ildə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən birgə layihələr hüquq təhsilinin müasir rəqəmsal çağırışlara uyğunlaşdırılmasına mühüm töhfə verir.
Ardınca geniş məruzə ilə çıxış edən Baş prokuror mühazirənin Xocalı soyqırımının ildönümü ərəfəsinə təsadüf etdiyini qeyd edərək Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən 16 nəfər Ermənistan vətəndaşı barəsində cinayət işləri üzrə ibtidai istintaqın gedişi və məhkəmə prosesləri barədə auditoriyaya ətraflı məlumat verib.
Çıxışda xüsusi olaraq vurğulanıb ki, həmin məhkəmə proseslərinin keçirilməsi, ilk növbədə, Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasətinin, eləcə də tarixi ədalətin bərpasına yönəlmiş ardıcıl fəaliyyətinin mühüm praktiki nəticəsidir.
Qeyd olunub ki, Azərbaycan dövlətinin ədalət prinsipinə sadiqliyinin əyani təzahürü olan bu proseslər milli qanunvericiliyin və beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə, obyektivlik və şəffaflıq meyarları əsasında həyata keçirilir.
Baş prokuror çıxışında rəqəmsallaşmanın dövlət idarəçiliyinə və hüquq-mühafizə fəaliyyətinə göstərdiyi fundamental təsirlərdən bəhs edərək bildirib ki, bəşəriyyət tarix boyu sosial münasibətlərin təkamülü ilə yanaşı hüquqi institutlarını da dəyişdirib və bu inkişaf xətti cəmiyyəti yeni bir mərhələyə — rəqəmsal müstəviyə çıxarıb. Vurğulanıb ki, müasir dövrdə dövlət-vətəndaş münasibətlərinin hüquqi çərçivəsi artıq yalnız fiziki məkanla məhdudlaşmır, virtual mühitdə də yeni hüquqi yanaşmalar tələb edir.
Eyni zamanda qeyd olunub ki, klassik istintaq üsullarından fərqli olaraq, müasir rəqəmsal cinayət təqibi artıq təkcə fiziki sübutlar, kağız sənədlər və şahid ifadələri ilə deyil, həm də metadata təhlili, elektron məlumatların izlənilməsi və kiberməkanda formalaşan rəqəmsal izlərin araşdırılması ilə xarakterizə olunur.
Mühazirə zamanı rəqəmsal cinayət təqibi sahəsində beynəlxalq hüquqi tənzimləmə mexanizmlərinə, o cümlədən Budapeşt və Hanoy konvensiyalarının müddəalarına, eləcə də sərhədlərarası elektron sübut mübadiləsi məsələlərinə toxunulub. Bildirilib ki, rəqəmsal sübutların prosessual statusu, metadata və elektron məlumatların toplanması ilə bağlı milli cinayət və cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Mühazirənin sonunda Baş prokuror tələbələrin rəqəmsal hüquq, kibertəhlükəsizlik və hüquqi tənzimləmə sahələri üzrə suallarını cavablandırıb.
Tədbir çərçivəsində Baş prokuror və prokurorluq əməkdaşları üçün rektor Hafiz Paşayevin iştirakı ilə İtaliya–Azərbaycan Universiteti və ADA Universitetinin Kitabxanası ilə tanışlıq təşkil olunub.
Sonda ADA Universitetinin Kitabxanasına Baş Prokurorluq tərəfindən hazırlanmış elmi-hüquqi ədəbiyyatlar və xüsusi nəşrlər hədiyyə edilib, xatirə şəkli çəkdirilib.

