Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilmişdir
17 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilmişdir.
İclası Azərbaycan Respublikasının Baş prokuroru, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev açaraq ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat vermiş, çıxışında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətini xüsusi vurğulamışdır.
Çıxış zamanı qeyd olunmuşdur ki, müstəqil Azərbaycan dövlətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun müəyyən etdiyi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Həyata keçirilən siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, sosial-iqtisadi inkişaf davamlı xarakter almış, hüquqi dövlət institutları daha da möhkəmləndirilmişdir.
Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi daha da güclənmiş, çoxtərəfli və ikitərəfli əməkdaşlıq əlaqələri genişlənmiş, regionda təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasına yönəlmiş siyasətin əhəmiyyəti bir daha təsdiqini tapmışdır. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial, humanitar və mədəni layihələrin milli-mənəvi dəyərlərin qorunmasına, eləcə də beynəlxalq humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanmışdır.
İclasın gündəliyinə uyğun olaraq hüquqtətbiqetmə təcrübəsində aktual əhəmiyyət kəsb edən bir sıra məsələlər ətrafında müzakirələr aparılmışdır.
Belə ki, Elmi-Məsləhət Şurasının katibi Nigar Qələndərli tərəfindən Katibliyə daxil olmuş və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin ayrı-ayrı müddəalarına dair təqdim edilmiş təkliflər barədə məlumat verilmişdir. Həmin təkliflər Şura üzvləri tərəfindən ətraflı müzakirə edilmiş, səsləndirilmiş fikirlər əsasında müvafiq nəticələr diqqətə çatdırılmış, habelə bir sıra istiqamətlər üzrə əlavə təkliflər irəli sürülmüşdür.
Bununla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan yol-nəqliyyat hadisəsi yerindən qaçma ilə bağlı normanın tətbiqi məsələləri də müzakirə olunmuş, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova tərəfindən mövcud hüquqi yanaşmalar, tətbiq təcrübəsində yaranan çətinliklər və onların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilmişdir.
Daha sonra gündəlikdə nəzərdə tutulan digər məsələlər üzrə çıxışlar dinlənilmişdir.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev çıxış edərək ifadənin yerində yoxlanılması istintaq hərəkətinin sübutetmə prosesində rolu, habelə həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklər barədə elmi-praktiki əsaslandırılmış məlumat təqdim etmişdir.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev çıxışında İnzibati Xətalar Məcəlləsində korrupsiya xarakterli, lakin cinayət tərkibi yaratmayan əməllərlə bağlı hüquqi tənzimləmənin təkmilləşdirilməsi zəruriliyini qeyd etmiş, bu istiqamətdə müvafiq təkliflər irəli sürmüşdür.
Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov isə çıxışında məhkəmə nəzarətinin həyata keçirilməsi zamanı meydana çıxan problemləri təhlil etmiş, həmin məsələlərin aradan qaldırılması və məhkəmə nəzarətinin tətbiqi təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini Şura üzvlərinin diqqətinə çatdırmışdır.
İclas çərçivəsində, həmçinin metodiki vəsaitlərin təqdimatı keçirilmişdir. Belə ki, Baş Prokurorluğun müvafiq struktur bölməsinin böyük prokuror-metodisti Bəhruz Qədirli tərəfindən “Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı aparılan cinayət təqibinin xüsusiyyətləri və mövcud problemlər” adlı metodiki vəsait təqdim edilmiş, bu sahədə hüquqi təminatların gücləndirilməsi və hüquqtətbiqetmə təcrübəsində vahid yanaşmanın formalaşdırılmasının əhəmiyyəti vurğulanmışdır.
Bundan əlavə, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə prokuroru Rəşad Qasımov tərəfindən “Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri” adlı metodiki vəsait təqdim olunmuş, mövcud normativ və praktiki məsələlər təhlil edilərək onların aradan qaldırılması istiqamətində elmi yanaşmalar diqqətə çatdırılmışdır.
Şura iclasında aparılmış müzakirələrin nəticəsi olaraq qanunvericiliyin təkmilləşdirilməsi, hüquqtətbiqetmə fəaliyyətində mövcud problemlərin aradan qaldırılması, metodiki təminatın gücləndirilməsi və praktiki fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində müvafiq təkliflər irəli sürülmüşdür. Bununla yanaşı, gündəlikdə nəzərdə tutulan digər məsələlər üzrə də fikir mübadiləsi aparılmışdır.
İclasın sonunda Elmi-Məsləhət Şurasının sədri yekun nitqi ilə çıxış edərək aparılmış müzakirələrin hüquq sisteminin inkişafına, hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə və qanunvericiliyin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyini bildirmişdir.

