Şamaxı və Şəki rayonlarında təhsil işçiləri üçün antikorrupsiya təlimləri keçirilib
Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Şamaxı və Şəki rayonlarında təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlimlər keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil olunan təlimlərdə Dağlıq Şirvan və Şəki-Zaqatala regional təhsil idarələri üzrə ümumilikdə 120 təhsil işçisi iştirak edib. Təlimlər iştirakçıların korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılığının artırılması, etik davranış prinsiplərinin təşviqi və antikorrupsiya davranış modelinin formalaşdırılması məqsədilə keçirilib.
Tədbirlər çərçivəsində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev, Mərkəzin şöbə rəisi Nigar Qələndərli, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, Şəki rayon prokuroru Anar Nəsibov və Şamaxı rayon prokuroru Müşfiq Səfərov çıxış ediblər.
Çıxışlarda Milli Fəaliyyət Planının məqsəd və hədəfləri, icrası istiqamətində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verilib. Təhsil mühitində dürüstlük və şəffaflığın təmin edilməsinin, hüquqpozmaların qarşısının alınmasında maarifləndirmənin və qurumlararası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Təlimlər çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli, Baş İdarənin böyük prokuroru Ziya Hacıyev və Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə tərəfindən korrupsiyanın mahiyyəti və cəmiyyətə təsiri, təhsil sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması və qabaqlayıcı mexanizmlərin tətbiqi barədə təqdimatlar edilib. Həmçinin dövlət qulluqçularının etik davranış qaydalarına və maraqlar toqquşmasının qarşısının alınması məsələlərinə diqqət yetirilib.
Sonda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

