Korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti mövzusunda maarifləndirici tədbir keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində cari ilin 28 aprel tarixində Baş Prokuroluğun Elm-Tədris Mərkəzi tərəfindən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında bələdiyyə qulluqçuları üçün korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqatidarəsinin prokuroru Fərid Qarakişiyev “Korrupsiyanın anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət”, İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Fuad Piriyev isə “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin istintaq metodikası” mövzusunda çıxışlar edərək korrupsiyanın milli təhlükəsizliyə, dövlətçilik prinsiplərinə vurduğu zərərlərdən danışaraq korrupsiyaya qarşı mübarizədə şəffaflığın və hesabatlılığın vacibliyini vurğulamışlar.
Tədbirin sonunda sözügedən sahə ilə bağlı dinləyicilər üçün maraq doğuran suallar təlimçilər tərəfindən cavablandırılmışdır.