Antikorrupsiya davranış modelinin formalaşdırılması mövzusunda Tərtər rayonunda tədbir keçirilmişdir
2026-cı il 24 aprel tarixində Tərtər rayonunda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilmişdir.
Təlimdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Mərkəzin rəis müavini Səbuhi Şahverdiyev, şöbə rəisi Nigar Qələndərli, şöbə prokuroru Bəhlul Yaqubov, Tərtər rayon prokuroru Fuad Məmmədov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisinin müavini Kamil Kamilli, idarə prokuroru İlkin Babazadə, Tərtər rayon prokurorunun böyük köməkçisi Elmar Ələddinzadə, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli və digər məsul şəxslər iştirak etmişlər.
Tədbiri açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulamışdır.
Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli çıxışında Baş Prokurorluqla birgə həyata keçirilən antikorrupsiya maarifləndirmə tədbirlərinin sistemli və davamlı xarakter daşıdığını qeyd etmiş, bu istiqamətdə görülən işlərin yalnız inzibati tədbirlərlə məhdudlaşmayaraq, cəmiyyətdə hüquqi düşüncə və etik davranış mədəniyyətinin formalaşdırılmasına xidmət etdiyini bildirmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev çıxış edərək antikorrupsiya siyasətinin həyata keçirilməsində maarifləndirmə tədbirlərinin mühüm rolunu vurğulamışdır.
Mərkəzin şöbə rəisi Nigar Qələndərli çıxışında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlər, müəyyən edilmiş məqsəd və hədəflər barədə ətraflı məlumat vermişdir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisinin müavini Kamil Kamilli korrupsiya hüquqpozmalarına qarşı preventiv tədbirlərin əhəmiyyəti barədə çıxış etmişdir.
Tərtər rayon prokurorunun böyük köməkçisi Elmar Ələddinzadə çıxışında yerli səviyyədə korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işləri diqqətə çatdırmışdır.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə prokuroru İlkin Babazadə isə idarənin fəaliyyəti, dövlət qulluqçularının etik davranış qaydaları və maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı məsələlərə toxunmuşdur.
Sonda təhsil işçiləri ilə qarşılıqlı müzakirələr aparılmış, korrupsiyaya qarşı mübarizə sahəsində mövcud problemlər və praktik yanaşmalar ətrafında fikir mübadiləsi həyata keçirilmiş, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Eyni zamanda, bu istiqamətdə maarifləndirmə tədbirlərinin davamlı şəkildə keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

