Baş Prokurorluqda “Elektron sübutlar və müasir kriminalistika” mövzusunda təlim təşkil olunmuşdur
24 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq əməkdaşlarının informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Elektron sübutlar və müasir kriminalistika: prokurorluq əməkdaşları üçün praktik yanaşmalar” mövzusunda növbəti təlim keçirilmişdir.
Təlim zamanı “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın icrası kontekstində rəqəmsal kriminalistikanın aktual məsələləri, elektron sübutların cinayət təqibi üzrə toplanması, saxlanılması və qiymətləndirilməsi mexanizmləri, kibertəhlükəsizliyin təminində süni intellekt texnologiyalarının tətbiqi, habelə bu sahədə hüquqi tənzimləmə və prokurorluq nəzarətinin əsas istiqamətləri üzrə məruzələr təqdim olunmuşdur.
Bununla yanaşı, süni intellekt vasitəsilə kibercinayətlərin aşkarlanması və araşdırılması prosesində rəqəmsal sübutların hüquqi qiymətləndirilməsinin xüsusiyyətləri, açıq internet resursları və sosial şəbəkələrdə mövcud risklər, informasiya təhlükəsizliyi və hüquqi məsuliyyət məsələləri ətrafında dinləyicilərlə geniş müzakirələr aparılmışdır.
Sonda qeyd edilmişdir ki, prokurorluq əməkdaşlarının bu istiqamətdə peşə hazırlığının gücləndirilməsi məqsədilə analoji təlimlərin davamlı olaraq təşkili planlaşdırılır.

