Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməlinin istintaq xüsusiyyətləri barədə təlim keçirilib

Cari ilin 22-23 aprel tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq əməkdaşları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1-ci maddəsi üzrə ibtidai istintaqın səmərəliyinin artırılması məqsədilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməlinin istintaq xüsusiyyətləri” mövzusunda iki günlük təlim keçirilib.
Təlim mövzularının tədrisi Baş Prokurorluğun əməkdaşları ilə yanaşı, Maliyyə Monitorinqi Xidmətinin təcrübəli əməkdaşları tərəfindən də həyata keçirilib.
Tədbir zamanı iştirakçılara cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə sahəsində həyata keçirilmiş dövlət proqramları, qanunvericiliyin təkmilləşdirilməsi və ölkəmizin qoşulduğu beynəlxalq əməkdaşlıq mexanizmləri barədə geniş məlumat verilib.
Bundan əlavə, CM-nin 193-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin ictimai təhlükəliliyi və hüquqi tövsifi aspektləri, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması çərçivəsində paralel maliyyə istintaqının mahiyyəti və əhəmiyyəti kimi mühüm mövzular üzrə nəzəri və praktiki tədris aparılıb.
Tədris edilmiş mövzular iştirakçılar tərəfindən maraqla qarşılanıb, tədbir mövzular üzrə ünvanlanan suallar ətrafında aparılan səmərəli müzakirələrlə başa çatıb.