Baş Prokurorluqda məişət zorakılığı mövzusunda maarifləndirici seminar keçirilib

18 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün “Məişət zorakılığı” mövzusunda maarifləndirici seminar keçirilmişdir.
Seminarın keçirilməsində məqsəd gənclərin məişət zorakılığı ilə bağlı hüquqi biliklərinin artırılması, bu sahədə mövcud müdafiə vasitələrinin izahı və hüquqi maarifləndirmənin gücləndirilməsi olmuşdur. Tədbir çərçivəsində Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları tərəfindən əldə olunmuş məlumatlara əsaslanan rəqəmsal məzmun hazırlanaraq təqdim edilmiş, real praktiki nümunələr əsasında mövzunun aktuallığı iştirakçıların diqqətinə çatdırılmışdır.
Seminarda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış edərək məişət zorakılığının cəmiyyət üçün yaratdığı təhlükələrdən, bu halların qarşısının alınmasında hüquqi çərçivənin rolundan və xüsusilə gənclərin bu sahədə maarifləndirilməsinin əhəmiyyətindən bəhs etmişdir.
Daha sonra Tədrisə Dəstək sektorunun müdiri Oqtay Mirzəyev tərəfindən məişət zorakılığı mövzusunda hazırlanmış rəqəmsal videoçarxlar nümayiş etdirilmiş, həmin materiallar vasitəsilə zorakılıq hallarının formaları, onların nəticələri və qarşısının alınmasının əhəmiyyəti əyani şəkildə iştirakçıların diqqətinə çatdırılmışdır.
Elm-Tədris Mərkəzinin şöbəsinin baş məsləhətçisi Rafiq Quliyev isə məişət zorakılığı hallarında zərərçəkmiş şəxslərin hüquqlarının təmin olunması, onlara göstərilən hüquqi və praktiki dəstək tədbirləri barədə ətraflı məlumat vermişdir.