Polis Akademiyasında prokurorluq əməkdaşları mühazirələrlə çıxış etmişlər
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin dəstəyi ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tədris prosesində prokurorluq əməkdaşları yaxından iştirak etmişlər.
Belə ki, Akademiyada təşkil olunmuş dərslərdə Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov tərəfindən 12 mart 2026-cı il tarixində “Cinayət təqibi üzrə icraatın aparılması” mövzusunda mühazirə keçirilmişdir. Mühazirə zamanı cinayət təqibinin mərhələləri, prosessual qərarların qəbul edilmə qaydaları, prokurorun prosessual rəhbərliyi və istintaqa nəzarət funksiyalarının praktiki tətbiqi məsələləri ətraflı izah olunmuşdur.
Eyni zamanda, 30 mart 2026-cı il tarixində Sumqayıt şəhər prokurorunun müavini Yusif Novruzov tərəfindən “Cinayət prosesinin iştirakçıları” mövzusunda mühazirə təqdim edilmişdir. Çıxış çərçivəsində cinayət prosesində iştirak edən subyektlərin hüquq və vəzifələri, onların qarşılıqlı münasibətləri, eləcə də praktiki fəaliyyət zamanı yaranan hüquqi məsələlər üzrə izahlar verilmişdir.
Hər iki mühazirə interaktiv formatda təşkil olunmuş, dinləyicilərlə aktiv müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd olunan dərslərdə ümumilikdə 160 nəfər dinləyici iştirak etmişdir.

