Prokurorluq orqanlarına 2025-ci ildə müsabiqə yolu ilə ilk dəfə qulluğa qəbul olunmuş işçilər üçün peşə vərdişlərinin formalaşması məqsədilə hazırlıq kursu təşkil edilmişdir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikasının prokurorluq orqanlarına 2025-ci ildə müsabiqə yolu ilə ilk dəfə qulluğa qəbul olunmuş 56 işçi üçün hazırlıq kursu təşkil edilmişdir.
Kurs üzrə tədris tədbirləri qarışıq formatda, cari ilin iyun ayının 10-dan iyun ayının 25-dək iş yerindən ayrılmadan internet üzərindən “Zoom” proqramı vasitəsi ilə, iyun ayının 30-u və iyul ayının 1-də isə əyani formatda Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilmişdir.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşları Nigar Qələndərli, Çingiz Əlizadə, Oqtay Mirzəyev və Rafiq Quliyev tərəfindən moderatorluğu edilən kursa təlimçi qismində prokurorluq orqanlarının təcrübəli işçiləri ilə yanaşı, ədliyyə orqanlarının ekspertiza sahəsində işləyən peşəkar ekspertləri və Bakı Dövlət Universitetinin müəllimləri cəlb olunmuşlar.
Hazırlıq kursunun tədris proqramında praktiki əhəmiyyət kəsb edən, öyrənilməsi dövlət proqramlarında nəzərdə tutulan, eləcə də praktiki fəaliyyətdə əhəmiyyətli, habelə mürəkkəb xarakter daşıyan mövzulara üstünlük verilmişdir. Dinləyicilərdə peşə vərdişlərinin formalaşmasına töhfə verəcək bu məşğələlər müasir informasiya-kommunikasiya texnologiyalardan, eləcə də təhlil-tədqiqat materiallarından geniş istifadə etməklə tədris edilmişdir.
Mədəni tədbirlər çərçivəsində gənc prokurorluq işçilərinin Milli Azərbaycan Tarixi Muzeyinə və Zəfər Parkına ekskursiyası təşkil edilmişdir.