ŞURANIN TƏRKİBİ

Əliyev Əmir İbrahim oğlu

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru


Əmir İbrahim oğlu Əliyev 04 aprel 1973-cü ildə Qərbi Zəngəzurun Nüvədi kəndində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirmişdir. 1995-1999-cu illərdə BDU-da beynəlxalq hüquq ixtisası üzrə aspiranturada təhsil almışdır.
Əmir Əliyev 2003-cü ildə “Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi, 2007-ci ildə isə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır.
Əmir Əliyev 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.
Əmir Əliyev 1996-2009-cı illərdə BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, 2009-2015-cü illərdə BDU-nun Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının professoru, 2006-2011-ci illərdə BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini, 2011-ci ildən 07 oktyabr 2021-ci ilədək BDU Hüquq fakültəsinin dekanı, 2015-2023-cü illərdə BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri olmuşdur.
2023-cü ildən hazıradək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru və BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professorudur.
Əmir Əliyev 2025-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədr müavini və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvüdür.
Əmir Əliyev beynəlxalq hüquq, insan hüquqları, Avropa hüququ, informasiya hüququ sahəsində tədqiqatlar aparır.
Əmir Əliyev ingilis dilində nəşr olunun “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının həmredaktoru və azərbaycan dilində nəşr olunan “Azərbaycan hüquq jurnalı”nın baş redaktorudur. Hər iki jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Elmi məqalələrin dərc edilməsi tövsiyə edilən dövri nəşrlər siyahısına daxildir. Bundan başqa, Rusiya, Ukrayna və Gürcüstanda 4 xarici elmi jurnalın, o cümlədən Azərbaycanda fəaliyyət göstərən 6 yerli elmi jurnalın (Nəqliyyat hüququ, Bakı Universitetinin Xəbərləri (sosial-siyasi elmlər seriyası), Azərbaycan Prokuroru (Low journal), Azərbaycan Vəkili, Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni, Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri (İctimai elmlər seriyası)) redaksiya heyətinin üzvüdür.
Əmir Əliyevin elmi rəhbərliyi altında 50-ə yaxın hüquq üzrə fəlsəfə doktoru və 7 hüquq elmləri doktoru dissertasiya işi müdafiə edilmişdir.
Əmir Əliyev 200-dən çox elmi əsərin (40-dan çoxu xaricdə), o cümlədən 6 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın, 30-a yaxın tədris proqramının müəllifidir.
Əmir Əliyev Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, Azərbaycan Respublikası Təhsil nazirinin 12 dekabr 2018-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, Azərbaycan Respublikası Ədliyyə Nazirinin 14 dekabr 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ədliyyəsinin 100 illiyi” xatirə nişanı, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 14 dekabr 2018-ci il tarixli əmri ilə “Ombudsmanın Xatirə Medalı”, Azərbaycan Respublikası Təhsil nazirinin 26 noyabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 14 avqust 2019-cu il tarixli əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Ailəlidir, 3 övladı vardır.