Kazımov Mirəli Sahib oğlu
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
Tədris Mərkəzinin rəis müavini
Kazımov Mirəli Sahib oğlu 1974-cü il 1 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Maliyyə - İqtisad Kollecini mühasibatlıq ixtisası, 1997-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunu (indiki UNEC) iqtisadçı ixtisası, 2001-ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 1988 - 1994-cü illərdə bank sistemində əməliyyatçı, 1994 - 2012-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin audit, hüquq və digər strukturlarının rəhbəri, 2012 - 2020-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi rəisinin elmi işlər üzrə müavini vəzifələrində işləmişdir. 2020-ci ilin 2 iyun tarixindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edir.
Mirəli Kazımov, eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dosenti vəzifəsində çalışır. 2004-cü ildə 5307.01 – İqtisadi nəzəriyyə ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan Respublikası iqtisadiyyatının inkişafında vergi siyasətinin rolu”, 2018-ci ildə 5611.01 - Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ ixtisası üzrə hüquq üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün “Maliyyə - kredit sferasında olan cinayətlər ilə mübarizənin müasir problemləri” mövzularında dissertasiya işlərini uğurla müdafiə etmişdir. 2009-cu ildə dosent elmi adını almışdır.
M.S.Kazımov 100-dən çox elmi məqalənin müəllifidir. Əsərlərinin bir çoxu xarici ölkələrin nüfuzlu elmi nəşrlərində, habelə Web of science, Scopus kimi beynəlxalq indeksləmə siyahısına daxil olan jurnallarda çap olunmuşdur. “Kriminalistik metodika (ayrı-ayrı cinayətlərin araşdırılması metodikası)” adlı dərs vəsaitinin, “Əməliyyat-axtarış fəaliyyətinin əsasları”, “Kriminalistika” fənləri üzrə dərsliklərin, “Противодействие теневой экономике и определение ее масштабов: отечественный и зарубежный опыт (теория и практика) (Countering the Shadow Economy and Detemining its Scale: National and Foreign Experience (the Theory and Practice)”, “Многогранность современной пандемической реальности” adlı monoqrafiyaların həmmüəlliflərindən biridir. AMEA-da ölkəmizdə hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış İşçi Qrupun, Milli Aviasiya Akademiyasında hüquq ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin verilməsi üzrə fəaliyyət göstərən FD.01.103 Dissertasiya Şurasının üzvüdür. Azərbaycan Respublikası Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinin rəhbəri, Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının Prezidentidir.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı, 2010-cu ildə AMEA-nın Fəxri Fərmanı, ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Gənclər və İdman nazirliyinin Fəxri Diplomu, əmək fəaliyyətində əldə etdiyi nailiyyətlərinə görə dəfələrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Fəxri Fərmanları, təşəkkürləri və digər təltifləri ilə mükafatlandırılmışdır.
Heydər Əliyev Fondunun dəstəyi və Arzu xanım Əliyevanın himayəsi altında Bakı neftinin II Dünya müharibəsindəki rolu haqqında çəkilən “Hücumun hədəfi Bakıdır” adlı filmin baş məsləhətçisidir. 2024-cü ildə Ginnesin rekordlar kitabına daxil edilmiş Azərbaycanın Dövlət Bayrağı Meydanında dünyanın dalğalanan ən böyük bayrağının qaldırılması mərasiminin təşkilatçılarından biri olmuşdur.
Ailəlidir, iki övladı var.


