Baş Prokurorluğun dəstəyi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi tərəfindən Respublika Hüquq Olimpiadası keçirilib
Formalaşmış əməkdaşlıq münasibətləri zəminində 2025-ci ilin may ayının 6-da Baş Prokurorluğun dəstəyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadası keçirilib.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təşkil edilmiş Olimpiadanın əsas məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin təkmilləşdirilməsi, onların hüquqi təfəkkürünün inkişaf etdirilməsi və gənclər arasında sağlam rəqabət mühitinin təşviq olunmasıdır.
Açılış mərasimində BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Respublika Hüquq Olimpiadasının ilk dəfə 2024-cü ildə Hüquq fakültəsi tərəfindən təşkil olunduğunu xatırladıb. O, 2025-ci ilin xüsusi önəm daşıdığını vurğulayaraq, olimpiadanın məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyi ərəfəsində keçirilməsinin əhəmiyyətini qeyd edib. Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin qurucusu olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov prokurorluq orqanları üçün gələcək hüquqşünasların peşəkar işçi kimi formalaşmasının prioritet olduğunu vurğulayıb, artıq tədris prosesində tələbələrə ilkin peşə vərdişlərin ötürülməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Baş Prokurorluq və Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu prokurorluq işçilərinin elmi yaradıcılıqla məşğul olmasına, tələbələrin isə təcrübə biliklərinin mənimsənilməsinə böyük təkan verdiyini diqqətə çatdırıb.
Olimpiadada ölkənin 8 ali təhsil və ixtisaslaşmış müəssisəsinin – Bakı Dövlət Universiteti, ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasının komandaları iştirak ediblər.
Yarış iştirakçılarının beynəlxalq, cinayət, mülki və konstitusiya hüququ sahələrindəki bilik və bacarıqları sınanılıb. Olimpiada açıq tipli suallar və kazus üzərində iş mərhələlərindən ibarət olub.
Yarışın yekununda komandaların topladığı ümumi nəticələr əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası qalib olub, Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası 2-ci yeri, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası isə 3-cü yeri tutaraq, komanda üzvləri diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Bu cür yarış və müsabiqələr hüquq sahəsində peşəkar kadr potensialının formalaşdırılmasına töhfə verməklə yanaşı, tələbələrdə vətənpərvərlik, hüquq və ədalətə hörmət kimi dəyərlərin aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.

