“Vəkillik fəaliyyəti” dərsliyinin təqdimatında Mərkəzin rəhbərliyi iştirak edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində vəkillik institutunun hüquqi əsaslarını və praktik fəaliyyət mexanizmlərini əhatə edən “Vəkillik fəaliyyəti” adlı dərsliyin təqdimat mərasimi keçirilmişdir.
Dərslik BP şirkətinin və onun müvafiq layihələr üzrə tərəfdaşlarının dəstəyi ilə, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və “İnsan Hüquqları Təşviqi Mərkəzi” İctimai Birliyinin birgə təşəbbüsü əsasında hazırlanaraq nəşr edilmişdir. Nəşrdə vəkillik fəaliyyətinin hüquqi tənzimlənməsi, peşə etikası, müdafiə hüququnun həyata keçirilməsi mexanizmləri və praktiki tətbiq məsələləri əhatəli şəkildə təqdim olunmuşdur.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev və Mərkəzin şöbə rəisi Nigar Qələndərli təqdimat mərasimində iştirak etmişlər.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, hüquq ictimaiyyətinin aparıcı üzvləri və sahə üzrə tanınmış mütəxəssislər iştirak etmiş, çıxışlarında vəkillik institutunun inkişaf perspektivləri, hüquqi maarifləndirmənin gücləndirilməsi və bu kimi elmi-praktiki nəşrlərin əhəmiyyəti barədə fikirlərini bölüşmüşlər.
Eyni zamanda, Mərkəzin rəisi Fazil Həsənəliyev çıxış edərək təqdim olunan dərsliyin hüquqşünasların peşə hazırlığının artırılmasına mühüm töhfə verəcəyini qeyd etmiş, hüquqi təhsil sahəsində bu cür təşəbbüslərin davamlılığının vacibliyini vurğulamışdır.

