İnformasiya kommunikasiya texnologiyaların tətbiqi – 2025

“Distant Tədris” platforması
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Mərkəzin www.etmprok.az adlı alt-domenində yerləşən “Distant tədris” platforması vasitəsilə idarə tərəfindən hesabat dövründə bir çox tədris tədbirləri onlayn rejimdə keçirilmişdir. O cümlədən, bir qismi platforma üzərindən distant təhsilin sərbəst rejimdə həyata keçirilmişdir (tədris materialları əvvəlcədən platformaya yerləşdirilmiş, dinləyici istədiyi vaxt platformada onun üçün yaradılan şəxsi kabinetə fərdi istifadəçi adı və parol ilə daxil olaraq həmin materialları öyrənmiş və növbəti mərhələyə keçid alması üçün mühazirə üzrə sualları cavablandırmışdır).
Daha bir yenilik tabe prokurorların iştirakı ilə interaktiv diskussiya formatında seminarların təşkili olmuşdur (Mərkəzdə yaradılan virtual studiyada toplaşan ekspertlər məruzə ilə çıxış etmiş, təkliflərini səsləndirmiş, bunu internet üzərindən ZOOM proqramı vasitəsi ilə izləyən tabe prokurorlar isə təkliflər ətrafında aparılan müzakirələrdə iştirak etmişlər).
Bu tədbirlərə hazırlıq prosesində Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru tərəfindən dinləyicilərlə və təlimçilərlə əlaqə yaradılmış, “Distant tədris” platformasından və Zoom proqramından istifadə qaydası izah edilmiş və tədbirlərdən əvvəl dinləyicilərin iştirakı ilə sınaqlar keçirilmişdir.

“Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sistemi
Tədrisin səmərəli təşkili üçün xüsusi əhəmiyyət kəsb edən bu informasiya sistemi hazırlıq prosesində bir neçə dəfə sınaqdan keçirilmiş, sistem yüksək istehlak göstəricilərinə malik proqram təminatı ilə təmin edilmiş, onun interfeysi müasir dizayn üslubuna uyğunlaşdırılmış, sistemdən istifadəyə dair Təlimat tərtib edilmişdir. Tədris tədbirləri, təlimçilər və dinləyicilər barədə məlumatları, eləcə də məşğələ materiallarını bu sistemin məlumat bazasına daxil etməklə, həmin məlumatların müxtəlif parametrlər üzrə səmərəli və asanlıqla sistemləşdirmək, məsafədən məlumatlardan istifadə və idarə etmək, təlimçilərin və mövzuların düzgün seçimini həyata keçirmək, dinləyicilərin dairəsini düzgün müəyyən etmək, bu sahədə təhlillərin daha səmərəli aparmaq üçün elektronlaşdırılmış imkan yaranmışdır. Informasiya sistemindən istifadə yalnız idarədaxili məqsədlər üçün nəzərdə tutulduğundan, onun məlumat bazasına buraxılış əldə etmək üçün Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunda müvafiq qeydiyyatdan keçmək lazımdır.
Tədrisin səmərəli təşkili üçün xüsusi əhəmiyyət kəsb edən “Prokurorluğun Tədris Tədbirlərinin Elektron Bazası” informasiya sisteminin məlumat bazasına hesabat dövründə idarənin təşkili ilə keçirilmiş 20 tədris tədbirinin məlumatları və sənədləri daxil edilmişdir. Yüksək istehlak göstəricilərinə malik olan bu proqramın bazasında hazırda mövcud olan 90 tədris tədbirinin məlumat və sənədlərindən tədris prosesi zamanı səmərəli istifadə edilir.

“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemi
“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sistemi Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış və Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 16.11.2021-ci il tarixli iclasında təqdimatı keçirilmişdir. Onun məlumat bazasının artırılması üçün Baş Prokurorluğun kitabxanalarında kağız formatında saxlanılan nadir nəşrlərin rəqəmli daşıyıcılara köçürülməsi, eləcə də internet və digər vasitələrlə yeni elektron nəşrlərin əldə olunması davam etdirilir.
Elm-Tədris Mərkəzinin 2022-ci ilin birinci yarımilinə dair İş planının 5-ci bəndinə əsasən “Baş Prokurorluğun Elektron Kitabxanası”nın əməliyyat sisteminin Android və İOS versiyalı olan mobil cihazlarda işləməsini təmin etmək məqsədi ilə Mərkəzin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektorunun əməkdaşları tərəfindən bu kitabxananın interfeys dizaynı, menyuları, təsnifat bölgüsü, axtarış parametrləri və digər komponentləri müxtəlif ekran ölçülü smartfon və planşetlərə uyğunlaşdırılmışdır. Həmçinin kitabxananın responsive dizayn formasının yaradılması üçün onun texniki tapşırığı hazırlanmış və sınaqdan keçirilmişdir. Belə bir imkanın yaradılması prokurorluq işçilərinin kitabxananın fondunda olan nəşrlərlə asanlıqla tanış olmasına, lazımi məlumatların dərhal və çevik əldə olunmasına xidmət etməklə yanaşı işin keyfiyyətinə müsbət təsir göstərir.
“Baş Prokurorluğun Elektron Kitabxanası” informasiya sisteminin məlumat bazasına hesabat dövründə 115 nəşr daxil edilərək, hazırda bu kitabxanada 894 nəşrin, o cümlədən 352 ədəd hüquq ədəbiyyatının elektron versiyası mövcuddur (ilin əvvəlində bazada 779 nəşr olmuşdur). Kitabxananın qlobal internet məkanına çıxışının olmamasına və ondan yalnız prokurorluq işçilərinin xidməti kompyuter vasitəsi ilə faydalanmasına baxmayaraq, hesabat dövründə oxucuların sayı xeyli artaraq 2.839 nəfər təşkil etmişdir (ilin əvvəlində isə 2.294 oxucu olmuşdur).

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin vebsaytı
Elm-Tədris Mərkəzinin 2022-ci ilin ikinci yarımilinə dair İş planına əsasən, Stanford, Yale, Cambridge və sair kreativ saytların quruluşuna, dizaynına və fəaliyyət prinsiplərinə uyğun idarənin İnformasiya texnologiyaları və tədrisin texniki vasitələri sektoru tərəfindən Mərkəzin vebsaytı hazırlanmışdır. Bu vebsayt müasir tələblərə cavab verən texniki tapşırığa və proqram təminatına mövcuddur. Mərkəzin fəaliyyət istiqamətləri nəzərə alınaraq, onun interfeys dizaynı, menyusu, təsnifat bölgüsü və digər komponentləri müəyyən edilmişdir. Bu dinamik sayt əksər menyu komponentlərinin avtomatik qaydada yenilənməsi ilə, istənilən məlumatın asan axtarışı ilə, interfeysdə statistik məlumatların göstərilməsi ilə və digər imkanlarına görə bir çox saytlardan fərqlənir. Vebsaytın təqdimatı Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 24.11.2022-ci il tarixli iclasında keçirilmişdir.
Bu saytın publik olunması üçün Baş Prokurorluğun rəsmi saytında ona keçid linki yerləşdirilib və sosial şəbəkələrdə onun tanıtdırılması üçün daimi iş aparılır.
Mərkəzin vebsaytına 2025-ci ildə 145 məlumat daxil edilmiş və bu proses davam etməkdədir (ilin əvvəlində 495 məlumat olmuşdur). Hazırda yaddaş bazasında 640 məlumat olan bu vebsaytın tanıtdırılması üçün Baş Prokurorluğun rəsmi saytında ona keçid linki yerləşdirilmiş və sosial şəbəkələrdə onun irəlilənməsi üzrə zəruri tədbirlər görülür.

EPİS-də Mərkəzin idarə etdiyi modullar
2024-cü il ərzində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşları tərəfindən “Elektron prokurorluq” informasiya sistemində (EPİS) “Tədris tədbirləri”, “Etik davranış komissiyası” və “Nəşriyyat” modullarının yaradılması məqsədilə həmin modullara dair texniki tələblər hazırlanmış və “Optima” şirkətinə təqdim edilmişdir. Bu modullara dair texniki tapşırıqlar Mərkəzdə nəzərdən keçirilmiş, düzəlişlər və təkliflər şirkətə göndərilmişdir. Daha sonra Mərkəzdə keçirilmiş bir çox toplantılarda demo versiyalar əsasında işçilər modulların fəaliyyəti ilə tanış olmuşlar, sonuncu düzəlişlər edilərək modullar istifadəyə verilmişdir.
2025-ci il ərzində Mərkəzin əməkdaşları tərəfindən “Elektron Prokurorluq” informasiya sistemində (EPİS) “Tədris tədbirləri”, “Etik davranış komissiyası” və “Nəşriyyat” modullarına xidmət göstərilərək məlumatlar əlavə edilmişdir.
Hazırda “Etik davranış komissiyası” modulunda 41 iclas, “Tədris tədbirləri” modulunda 58 tədbir, “Nəşriyyat” modulunda isə 19 nəşr barədə məlumatlar mövcuddur.

