Dələduzluq cinayətlərinin qarşısının alınmasına dair maarifləndirmə tədbirləri həyata keçirilib-2026
Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinin həyata keçirilməsinə dair Yol Xəritəsinə uyğun olaraq, cəmiyyətdə hüquqi şüurun artırılması və dələduzluq cinayətlərinin qarşısının alınması məqsədilə müvafiq maarifləndirmə tədbirləri təşkil edilib.
Dələduzluq cinayətləri üzrə mövcud vəziyyətin təhlili aparılaraq bu sahədə statistik məlumatlar toplanıb, cinayətin hüquqi tərkibi, məsuliyyət tədbirləri və qanunvericilikdə nəzərdə tutulmuş normalar sistemləşdirilib. Aparılmış təhlillər əsasında ictimaiyyət üçün daha anlaşıqlı məlumatlandırmanın təmin edilməsi məqsədilə müasir rəqəmsal formatda maarifləndirici materiallar hazırlanıb.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Tədrisə dəstək sektorunun müdiri Oqtay Mirzəyev, Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin prokuroru Rauf Abdullayev və baş məsləhətçisi Rafiq Quliyev tərəfindən rəqəmsal məzmun hazırlanıb və təqdim edilib. Təqdimatlar dələduzluq mövzusu üzrə statistik göstəriciləri, normativ hüquqi aktları və praktik nümunələri əhatə edən vizual və analitik materiallardan ibarət olub.
2026-cı ilin yanvar–fevral aylarını əhatə edən maarifləndirmə tədbirləri cəmiyyətlə birbaşa ünsiyyət formatında həyata keçirilib və təqribən 350-yə yaxın dinləyici auditoriyanı əhatə edib. İştirakçılara dələduzluq cinayətlərinin mahiyyəti, törədilmə üsulları, hüquqi nəticələri və qarşısının alınması yolları barədə ətraflı məlumat verilib.
Tədbirlər çərçivəsində aparılan təqdimatlar və müzakirələr maraqla qarşılanıb, bu təşəbbüsün hüquqi biliklərin artırılması və preventiv təsirin gücləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib. Sözügedən maarifləndirmə fəaliyyəti prokurorluq orqanlarının ictimaiyyətlə əlaqələrinin möhkəmləndirilməsi və hüquqi maarifləndirmə işinin sistemli şəkildə həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

