Risk göstəricilərinin müəyyən edilməsi, vahid təcrübənin formalaşdırılması, eləcə də hüquqi aktlar və sənədlər üzrə rəy və təkliflərin verilməsi – 2025

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın 266 və 267-ci bəndlərinin tələblərinə əsasən, Mərkəz vahid təcrübənin formalaşdırılmasında iştirak edərək, prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi, ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə təkliflər qəbul edir və onları ümumiləşdirir. Bu istiqamətdə Elmi-Məsləhət Şurasının 09.12.2025-ci il tarixdə keçirilmiş iclasında Mərkəzin rəisi Fazil Həsənəliyev tərəfindən cinayət təqibi üzrə icraatın dayandırılması praktikasında rast gəlinən aktual məsələlər, Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri Tahir Kazımov tərəfindən Cinayət Məcəlləsinin 178-ci maddəsinə dəyişikliklərin edilməsi zərurəti, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova tərəfindən dövlət hesabına təyin edilmiş müdafiə mexanizmlərində mövcud problemlərlə bağlı məsələlər müzakirəyə çıxarılmışdır. Cari ildə Mərkəz tərəfindən, həmçinin risklərin müəyyən edilməsi ilə bağlı rayonlar üzrə cinayətkarlığın dinamikası təhlil edilmiş və müəyyən edilən risk göstəriciləri ilə bağlı təkliflər hazırlanmışdır. Hesabat dövründə Mərkəz,  o cümlədən  prokurorluğun institusional və hüquqi bazalarının təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmiş, müxtəlif sənədlərin təkmilləşdirilməsi üçün elmə və hüquqa əsaslanan təkliflər vermiş, onlara münasibətini bildirmişdir. Göstərilən sənədlər sırasından aşağıdakıları misal kimi göstərmək olar:

 

  • Baş Prokurorluqda hazırlanmış Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsinə dair qanun layihələri;

  • Baş Prokurorluğun struktur qurumlarının və tabe prokurorluqların prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri;

  • Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əlavə və dəyişikliklər edilməsinə dair layihə;

  • Azərbaycan Respublikası Prokurorluğu orqanlarında “İlin ən yaxşı prokuroru” müsabiqəsinin keçirilməsi haqqında Təlimata dəyişiklik edilməsinə dair;

  • Ali Məhkəmədən daxil olmuş Cinayət-Prosessual Məcəllədə dəyişikliklə bağlı qanun layihəsi;

  • Daxili İşlər Nazirliyində hazırlanmış “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi;

  • “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025 – 2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi;

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hazırlanmış “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi;

  • Dövlət Gömrük Komitəsində hazırlanmış İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi;

  • Avropa İttifaqının İşçi Qrupu tərəfindən hazırlanmış “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi;

  • Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış “Təhsil” sektoru üzrə 2026 – 2029-cu illər üçün Strateji siyasət sənədi”;

  • Əcnəbilərin Azərbaycan Respublikasından getməsi ilə bağlı məhdudiyyətlərə dair Konstitusiya Məhkəməsinə sorğu.