“Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri” adlı metodiki vəsait
Qeyd olunan metodik vəsait Azərbaycan Respublikası Baş Prokurorluğunun 2026-cı ilin birinci yarımilinə dair Fəaliyyət Planının 29-cu bəndinə müvafiq olaraq Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi cənab Fazil Həsənəliyevin rəhbərliyi və Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Rəşad Qasımov, Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Məhərrəm Əzizbəyov və Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin böyük prokuroru Behruz İbrahimov tərəfindən hazırlanıb.
Vəsait 1 cild, 147 səhifədə olmaqla, 5 fəsilə və 18 bəndə bölünüb.
Metodiki vəsaitdə cinayət işi üzrə icraatın dayandırılması və dayandırılmış icraatın təzələnməsi institutlarının tarixin inkişaf mərhələlərinə, o cümlədən hələ 19-cu əsrdən hazırkı vaxta qədər Azərbaycan ərazisində qüvvədə olan cinayət-prosessual qanunvericiliyinin müvafiq institunun genezesinə geniş yer ayrılıb.
Tədqiqat çərçivəsində cinayət işi üzrə icraatın dayandırılması institutunun anlayışı, prosessual təyinatı və ümumi xarakteristikası ətraflı şəkildə təhlil edilmişdir. Bu məqsədlə nəşr normativ hüquqi sənədlərin və prosessual qanunvericiliyin hüquqi təhlilinə, müqayisəli hüquq metoduna, eləcə də istintaq və məhkəmə orqanlarının praktik təcrübəsinin təhlilinə əsaslanır. Əsas mənbələri isə Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət-Prosessual Məcəlləsi, Cinayət Məcəlləsi, bir sıra digər qanunlar, eləcə də bəzi xarici dövlətlərin cinayət-prosessual qanunvericiliyi, eləcə də yerli və beynəlxalq hüquqi ədəbiyyatlar təşkil etmişdir.

Tədqiqatda cinayət işi üzrə icraatın dayandırılması ilə bağlı hüquqi boşluqlar və çətinliklər, həmçinin, bu mexanizmdən yaranan çoxşaxəli fəaliyyət təhlil edilmişdir. Metodik vəsaitdə müəlliflər tərəfindən ibtidai istintaq mərhələsində cinayət işi üzrə icraatın dayandırılması institutuna anlayışlar verilmiş, o cümlədən, cinayət işi üzrə icraatın dayandırılması mexanizminin hüquqi tənzimlənməsində bir sıra yeni həll yolları təklif edilmişdir.
Təhlil zamanı qeyd olunan sahə üzrə əhəmiyyət kəsb edəcək statistik göstəricilər və misallar üzərində müəyyən edilmiş əsas çətinliklər oxucuların diqqətinə cəlb edilir.
Bununla yanaşı, vəsaitdə ABŞ, Kontentinal Avropa sisteminə daxil olan ölkələr, Türkiyə və Post-Sovet məkanını əhatə edən çoxsaylı dövlətlərin təcrübəsi paralel nümunələrdə və müqayisəli cədvəldə təqdim edilmişdir. Bu beynəlxalq yanaşmalar cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi və cinayət təqibi üzrə icraatın dayandırılması ilə bağlı problemlərin həlli üçün əhəmiyyətli bir yol xəritəsi kimi də çıxış edir.
Bu metodiki vəsait ibtidai istintaq mərhələsində cinayət işləri üzrə icraatın dayandırılması institutunu tənzim edən cinayət-prosessual hüquq normalarının təhlili əsasında onların hüquqi tənzimetmə problemlərini aşkar etmək və sonuncuların aradan qaldırılması istiqamətində əsaslandırılmış təklifləri əhatə edən bir tədqiqat əsəridir.
Bununla yanaşı nəşrdə cinayət işləri üzrə icraatın dayandırılması institutu ilə bağlı ibtidai araşdırma üzərində prosessual rəhbərliyin, eləcə də maddi və prosessual hüquq normalarının tətbiqinin qanuni əsaslarının effektliyini və səmərəliliyini artırmaq üçün tövsiyələr təqdim edilir.
Vəsait həm elmi tədqiqatçılar, həm də praktiki hüquqşünaslar üçün əhəmiyyətli mənbə olacaqdır.
Vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun misallarla, illüstrasiya və qrafiklərlə zəngindir.

