Daxili Qoşunlarda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş seminar təşkil olunub
Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla, bu sahədə həyata keçirilən tədbirlər ardıcıl və məqsədyönlü xarakter daşıyır. Qəbul edilmiş strateji sənədlər və fəaliyyət planları çərçivəsində institusional mexanizmlər gücləndirilmiş, preventiv yanaşmalar genişləndirilmiş və ictimai maarifləndirmə tədbirləri xüsusi önəm kəsb etmişdir.
Bu istiqamətdə aparılan işlərin tərkib hissəsi olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin dəstəyi ilə 2026-cı il martın 13-də DİN-in Daxili Qoşunlarında müəllim heyəti və kursantların iştirakı ilə seminar təşkil olunub. Seminarda ümumilikdə 150-yə yaxın hərbi qulluqçu iştirak edib.
Seminar çərçivəsində çıxış edən Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar, sərhəd xidməti orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Qədir Məmmədov korrupsiyanın mahiyyəti, onun doğurduğu hüquqi və sosial nəticələr, habelə bu sahədə preventiv tədbirlərin rolu barədə geniş məlumat verib.
Tədbir interaktiv müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və mövzu ilə bağlı suallar ətraflı şəkildə cavablandırılıb. Seminar iştirakçılarının hüquqi biliklərinin artırılmasına, korrupsiyaya qarşı mübarizə istiqamətində maarifləndirmənin gücləndirilməsinə töhfə verib.

