Baş Prokurorluqda “Elektron sübutlar və müasir kriminalistika” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən 2026-cı ilin mart ayının 12-də prokurorluq əməkdaşlarının rəqəmsal mühitdə istintaq fəaliyyətinə dair bilik və bacarıqlarının artırılması məqsədilə “Elektron sübutlar və müasir kriminalistika: prokurorluq əməkdaşları üçün praktik yanaşmalar” mövzusunda onlayn formatda təlim təşkil olunmuşdur.
Təlimin açılışında çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli rəqəmsal texnologiyaların sürətli inkişafının hüquq-mühafizə orqanlarının fəaliyyətinə mühüm təsir göstərdiyini diqqətə çatdırmış, xüsusilə elektron sübutlarla işin istintaq prosesində aktuallığının artdığını qeyd etmişdir. O, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də süni intellekt texnologiyalarının hüquq tətbiqetmə fəaliyyətində istifadəsinin müasir çağırışlara uyğun əhəmiyyət daşıdığını vurğulamışdır.
Təlim distant formada təşkil olunmuş, təlimçi qismində Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin, eləcə də dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət sahəsində ixtisaslaşmış əməkdaşları iştirak etmişlər.
Tədris proqramı çərçivəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində dövlət strategiyasının əsas istiqamətləri, rəqəmsal kriminalistikanın tətbiqi, elektron sübutların toplanması və saxlanması qaydaları, süni intellekt texnologiyalarının kibertəhlükəsizlik və cinayətlərin araşdırılmasında rolu, eləcə də açıq internet mühiti və sosial şəbəkələrdə mövcud risklər, bu sahədə hüquqi məsuliyyət məsələləri üzrə geniş məlumat verilmişdir.
Təlimdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Hərbi Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları dinləyici qismində iştirak etmişlər.
Tədbirin moderatorları qismində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin sektor müdiri Oqtay Mirzəyev və Mərkəzin şöbə baş məsləhətçisi Rafiq Quliyev çıxış etmiş, iştirakçıların sualları cavablandırılmış və praktiki müzakirələr aparılmışdır.