Gəncədə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən cari ilin iyul ayının 10-da Gəncə şəhərində “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib. 
Təlimin məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınmasıdır. 
Təlimdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev, Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə, Gəncə şəhər prokurorun müavini Nicat Şahverdiyev, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Xəqani Qurbanov, şöbənin əməkdaşı Rövşən Ağayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov iştirak ediblər. 
Təlim müddətində Baş Prokurorluğun əməkdaşları tərəfindən “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər müvafiq mövzular üzrə çıxışlar olub. 
Təlim interaktiv və qarşılıqlı fikir mübadiləsi formatında aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.