ŞURANIN TƏRKİBİ

Süleymanov Cavanşir İslam oğlu

Beynəlxalq Hüquqi Tədqiqatlar Təşkilatının Prezidenti, hüquq elmləri doktoru, professor


1950-ci ildə Tbilisi şəhərində anadan olub, burada orta məktəbi bitirib,1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsində təhsil alıb.
1974-2005-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müxtəlif istintaq bölmələrində, 1990-cı ildən polis polkovniki xüsusi rütbəsində çalışıb. Üç dərəcəli əla xidmətə görə medallar, döş nişanları, SSRİ Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qiymətli hədiyyələri, fəxri fərmanları, “Bilik” cəmiyyətinin fəxri medalı ilə təltif edilmişdir, Bakı şəhər Baş Polis İdarəsinin elmi-metodiki mərkəzinin rəisi olub. O, SSRİ-də ilk olaraq Beynəlxalq Polis Rəisləri Assosiasiyasına üzv seçilib.
Daxili İşlər Nazirliyindəki işini elmi-pedaqoji fəaliyyətlə birləşdirmişdir. Bakı Dövlət Universitetində, “Təfəkkür” və “Azərbaycan” universitetlərində kriminalistika və cinayət prosesi fənnindən dərs deyib, BDU-da Magistratura üzrə Dövlət İmtahan Komissiyasının sədri, BDU-da və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda, Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində dissertasiya şuralarının üzvü, 2013-cü ildən 2023-cü ilədək AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Cinayət-hüquqi fənlər şöbəsinin müdiri olub.
1987-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında 12.00.09 ixtisası üzrə “Özəl sahibkarlıq fəaliyyəti ilə bağlı külli miqdarda dövlət əmlakının talama araşdırılması metodikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1989-cu ildə SSRİ Daxili İşlər Nazirliyi cinayətlərin istintaqında C.İ.Süleymanovun işləyib hazırladığı proqramların nəzərdən keçirilməsi  və qiymətləndirilməsi üçün kibernetik metodlardan istifadə edilməsi üzrə metodik göstərişləri bütün istintaq bölmələrinə göndərib.
C.İ.Süleymanov 1997-ci ildə T. Q. Şevçenko adına Kiyev Dövlət Universitetində 12.00.09 ixtisası üzrə “Cinayətlərin istintaqında informasiyadan istifadənin konseptual əsasları” mövzusunda kriminalistika üzrə doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı alim olmuşdur.
C.İ.Süleymanov bir sıra xarici elmi-tədqiqat və hüquq müdafiə təşkilatlarının üzvüdür, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası eksperti, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Elmi-Məşvərət Şurasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi-Məşvərət Şurasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 1992-ci ildə BMT-nın İqtisadi və Sosial Məsələlər Departamentinin məsləhətçisi statusunda olan Beynəlxalq Hüquqi Tədqiqatlar Təşkilatının Prezidenti seçilmişdir.
Normativ aktların layihələrinin işlənilib hazırlanmasında, onların hüquqi ekspertizalarının keçirilməsində iştirak etmişdir, bir sıra beynəlxalq konfrans və simpoziumlarda moderatorluq etmişdir.
2003-cü ildən beynəlxalq məlumat bazalarında indeksləşdirilmiş və Nəşriyyatçılarla Əlaqələr üzrə Beynəlxalq Assosiasiyanın üzvü olan “Hüquqi elmlər və təhsil” jurnalının baş redaktorudur.
Bir sıra ölkələrdə nəşr olunan 200-dən çox elmi işlərin, o cümlədən 12 tədris və metodiki vəsaitlərin, kriminalistika, cinayət prosesi, insan hüquqları və mühakimə icraatında süni intellekt problemləri üzrə 6 monoqrafiyanın müəllifidir. 2000-ci ildə C.İ.Süleymanovun redaktəsi ilə bir sıra ölkələrdə belə dərslik qismində tövsiyə olunan “Kriminalistika” beynəlxalq dərsliyi nəşr edilib; 2025-ci ildə cinayət prosesində generativ süni intellekt, proqramların qiymətləndirilməsi və təhlili, ehtimal məntiqi və s. metodlarının sinxronlaşdırılmış məcmusundan istifadəinə dair sistem hazırlanıb.
C.İ. Süleymanovun elmi rəhbərliyi altında kriminalistika və cinayət prosesi üzrə 18 namizədlik dissertasiyası müdafiə edilmiş, 3 doktorluq dissertasiyası hazırlanmışdır.
Ailəlidir, dörd övladı var.