METODİKİ İŞ

“Dövlət və bələdiyyə orqanlarından, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarından, onların vəzifəli şəxslərindən, o cümlədən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən mənimsəmə və qulluq mənafeyi əleyhinə olan cinayət faktları ilə bağlı müraciətlərin baxılmasına dair vahid təcrübənin formalaşdırılması barədə” adlı

Qeyd olunan metodik vəsait Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən verilən tapşırığına əsasən 2025-ci ildə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmışdır.
Nəşr Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyevin rəhbərliyi və müəllifliyi ilə Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi  Ramil Camalov, şöbənin prokuroru Rəşad Qasımov və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Ruslan Ağayev tərəfindən hazırlanıb.
Metodik vəsait hazırlanarkən Azər­bay­can Respublikası Ədliyyə Nazir­li­yi­­nin Məhkəmə Ekspertiza Mər­kə­zi­nin və Azərbaycan Respublikası Audi­tor­lar Palatasının səlahiyyətli nüma­yən­də­lərinin iştirakı ilə müzakirələr apa­rılmış, onların rəy, təklif və töv­si­yə­ləri nəzərə alınmışdır.
Vəsait 1 (bir) cild, 134 səhifədə olmaqla, 4 fəsilə və 10 bəndə bölünüb.
Metodiki vəsaitin əsas məqsədi dövlət və bələdiyyə or­qan­la­rından, habelə kommersiya və qeyri-kommersiya təşki­lat­la­rın­dan, onların vəzifəli şəxslərindən, o cümlədən hüquqi şəxslər və hü­quqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizi­ki şəxslərdən mənimsəmə və qulluq mənafeyi əleyhinə olan di­gər cinayət faktları ilə bağlı müraciətlərin baxılmasına dair va­hid təcrübənin formalaşdırılması məqsədilə təftişin, auditin və məh­kəmə-mühasibat ekspertizasının aparılmasının xüsusatlarını və spesifikliyini diqqətə cəlb etməkdir.
Metodik vəsaitdə yeni inkşaf mərhələsində ölkə iqtisadiyyatının və  sahibkarlığa dövlət qayğısının ümumi mənzərəsinə də yer ayrılmışdır.                 
Eyni zamanda tədqiqatda mənimsəmə və ya israf etmə cinayətinin nəzəri aspektləri və hüquqi xarakteristikası geniş şərh edilmiş, həmçinin bu cinayətlər  beynəlxalq təcrübə baxımından təhlil edilmişdir.
Təhlil zamanı qeyd olunan sahə üzrə əhəmiyyət kəsb edəcək statistik göstəricilər və mi­sal­lar üzərində müəyyən edilmiş əsas çətinliklər oxucuların diqqətinə cəlb edilir.

 

 

Qeyd etmək lazımdır ki, iqtisadi sahədə baş vermiş cinayətin aşkar edilməsində təf­tiş ən çox tətbiq edilən metodlardan biridir. Təftişlə yoxlanılan sahənin spe­sifik xüsusiyyətlərindən asılı olaraq müxtəlif üsullardan isti­fadə edilir. Vəsaitdə bu üsullar ətraflı şərh olunur. Eyni zamanda nəşrdə  səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan  yoxlamalar üzrə auditorların vəzifələri, məsuliyyəti və standartlarına  geniş yer ayrılmışdır.       
Vəsaitdə eks­pertiza icraatı ilə əlaqədar olan hüquqi boşluqlar və çə­tin­lik­lər, həmçinin, bu mexanizmdən yaranan çoxşaxəli fəaliyyət təh­lil edilmiş, səmərəli təkliflər irəli sürülmüşdür. Bu məqsədlə tədqiqata məhkəmə-iqtisadi ekspertizasının anlayışı, obyektləri, təyin olunmasının hüquqi və faktiki əsasları, həmçinin ekspertizanın təyin edilməsi və keçirilməsi, ekspert rəyi və onun sübut etmə prosesində rolu barədə kifayət qədər geniş materiallar daxil edilmişdir.
Bu metodiki vəsait normativ hüquqi sənədlərin və pro­ses­sual qərarların hüquqi təhlilinə, müqayisəli hüquq metoduna, elə­cə də istintaq orqanlarının və məhkəmə ekspertizasının prak­tik təcrübəsinin təhlilinə əsaslanır. Əsas mənbələr Azərbaycan Respublikasının Konstitusiyası, cinayət və cinayət prosessual qa­nunvericilik, müvafiq təlimatlar və əsasnamələr, eləcə də yerli və beynəlxalq hüquqi ədəbiyyatlardır.
Metodiki vəsaitdə prokurorluq orqanlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdən mənimsəmə və qulluq mənafeyi əleyhinə olan cinayət faktları ilə bağlı müraciətlər üzrə aparılan araşdırmaların səmərəliyin artırılması və  vahid təcrübənin formalaşdırılması  məqsədilə bir çox tövsiyələr təqdim edilir.
Vəsait prokurorluq və hüquq mühafizə orqanları işçiləri, ekspertlər, auditorlar, bu sahədə araşdırma aparan şəxslər üçün nəzərdə tutulub.
Vəsaitdə məlumatlar ardıcıl və məntiqi əlaqələr gözlənilməklə təqdim edilib, mətninə uyğun misallarla, illüstrasiya və qrafiklərlə zəngindir.