Astana şəhərində Türk Ədliyyə Təlim Şəbəkəsinin Beynəlxalq Forumu keçirilib
10–11 dekabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Qazaxıstan Respublikası Ali Məhkəmə Şurasının yaradılmasının 10 illiyinə həsr olunmuş Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində “İnsan hüquqlarının müdafiəsi və səmərəli ədalət mühakiməsi: milli ənənələrlə beynəlxalq standartlar arasında balans” mövzusunda beynəlxalq forum keçirilib.
Türk Ədliyyə Təlim Şəbəkəsi 2022-ci ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hakim hazırlığı institutları arasında imzalanmış Anlaşma Memorandumu əsasında yaradılıb. Hazırda Şəbəkəyə Qazaxıstan sədrlik edir. Sədrliyi Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyası və Baş Prokurorluq yanında Hüquq-Mühafizə Orqanları Akademiyası birgə həyata keçirir.
Tədbirdə Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Qazaxıstandan yüksək səviyyəli nümayəndə heyətləri, prokurorluq və ədliyyə orqanlarının nümayəndələri,ali məhkəmə və məhkəmə şuralarının rəhbərləri, parlament üzvləri, tanınmış hüquqşünas-alimlər və beynəlxalq ekspertlər iştirak ediblər.
Azərbaycan Respublikası Baş Prokurorluğunu forumda Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev təmsil edib.
Amir Ocaqverdiyev forum çərçivəsində “Azərbaycanda prokurorluq kadrlarının hazırlanması və peşəkar inkişafı” mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə prokurorluq işçilərinin seçilməsi, ilkin və davamlı təlimi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində həyata keçirilən islahatlar, müasir təlim metodları və beynəlxalq təcrübənin tətbiqi barədə ətraflı məlumat verib. Onun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
İki gün davam edən forumda panel müzakirələr və tematik sessiyalar keçirilib, Türk Ədliyyə Təlim Şəbəkəsinin gələcək fəaliyyət planı ilə bağlı mühüm qərarlar qəbul olunub.
Forum türkdilli dövlətlər arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.

